Yanacağın qiymətinin artması standartlara uyğunlaşma ilə bağlıdır – Deputat
Azərbaycanda Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətinin artması beynəlxalq standartlara uyğunlaşma və ekoloji problemlərin həlli ilə bağlıdır.Bunu Trend-ə Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, yanacaq qiymətinin artması təbii prosesdir, çünki təkcə indiki zamanın deyil, həm də gələcək dövrün qayğısına qalmaq lazımdır:
“Bəşəriyyət üçün ən böyük bəlalardan biri ekoloji faciədir və bu səbəbdən dizel yanacağı və benzin üçün yeni standartlar tətbiq olunur. Digər tərəfdən, yanacaq məhsulunun səmərəliliyi artırılır, digər tərəfdən isə ekoloji cəhətdən daha təmiz məhsulun istehsalı üçün xərclər artır”.
Deputat qeyd edib ki, yanacaq qiymətlərinin artması prosesi təkcə Azərbaycanda deyil, digər postsovet ölkələrində də başlayıb və bu, bilavasitə koronavirus böhranı ilə əlaqədardır:
“2020-ci ilin 10 ayı ərzində bütün dünyada qapanmalar baş verirdi ki, bu da öz növbəsində iqtisadi fəallığın azalmasına və yekunda iqtisadi itkilərə gətirib çıxarıb. Qlobal ümumi daxili məhsul 12 trilyon dollar itirib, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının proqnozlarına əsasən, bu itkilər növbəti iki il ərzində 28 trilyon dollara çata bilər”.