Atasının döyüşdüyü torpaqlarda şəhid oldu
İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından biri də şəhid İsmayılov Amid Eldar oğludur. Şəhidimiz Amid 1988-ci il fevralın 11-də Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olmuşdur.
Şəhidimizin xalası oğlu Hüseyn Ağayev qəhrəmanımız haqqında xatirələrini Trend-ə danışıb.
“Amid üç bacınn bir qardaşı idi. Ailənin bütün əziyyətini çəkən olub. Uşaqlığından sakit, mədəni, vətənpərvər insan idi. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vurduqdan sonra mülki işlərdə işlədikdən bir müddət sonra Amid yenidən hərbiyə qayıdır. N saylı hərbi hissədə müddətdən artıq xidmət edən kimi xidmətə başlayır” – deyə Hüseyn qeyd edib.
H.Ağayev bildirib ki, ikinci Qarabağ müharibəsi başlayanda Amid Füzuli rayonun istiqamətində döyüşlərə yolandı:
“Onu da qeyd edim ki, Birinci Qarabağ savaşı vaxtı şəhidimizin atası da Füzuli istiqamətində döyüşüb. Amid Füzulinin bir neçə kəndinin erməni işğalçılarından azad olunmasında iştirak edir. Qəhrəmanlıqla döyüşən Amid sentyabr ayının 28-də şəhid olub. Həmin günü də Biləsuvar rayonunun Təzəkənd kəndində dəfn olunub.
Ailəli idi. Bizlərə üç aylıq qızı yadigar qaldı.
Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub”.