Vətən Müharibəsindəki Qələbə Ordunu daha da gücləndirəcək
İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən və Azərbaycanın tam Qələbəsi ilə nəticələnən Vətən müharibəsi ilə müzəffər Ordumuz yeni tarix slnaməsi yazdı. Cəmi 44 gün davam edən II Qarabağ müharibəsi nəinki ərazilərimizin azad edilməsinə, eyni zamanda, işğalçılığa son qoyulmasına, eləcə də 30 ilə yaxın davam edən münaqişənin həllinə gətirib çıxardı. Biz 44 gündə 300-ə yaxın kəndimizi, 5 şəhərimizi, 4 qəsəbəmizi və eyni zamanda çox önəmli yüksəklikləri azad etdik. Qan tökülmədən Kəlbəcər, Laçın, Ağdamı geri aldıq. Bu torpaqları azad etməklə yanaşı düşmənin əksər texnikalarını məhv etdik, canlı qüvvəsinə ciddi zərbə vurduq. Ermənistanın ordusunu darmadağın etdik. Eyni zamanda erməni xislətini bütün dünyaya tanıtdıq.
Təbii ki, qazandığımız bu qələbədə ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu siyasətinin böyük rolu oldu. Dövlət başçısı tərəfindən prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Ordusu 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızı azad etməyə imkan yaratdı. Dövlətin diqqət və qayğısı sayəsində maddi-sosial və texniki cəhətdən hərtərəfli təchiz olunmuş, müasir silahlarla silahlanmış, dünyanın 50 ən güclü orduları sırasına daxil olmuş Azərbaycan Ordusu Vətən müharibəsində öz sözünü deyərək düşməni geri oturtdu. Nəticədə düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında nümayişkaranə şəkildə fiaskoya uğradı. Şanlı Ordumuz Zəfər Gününün sevincini yaşamağı və haqq-ədalətin bərpasını bizlərə nəsib etdi. Bacarıqlı, təcrübəli komandanlıq altında idarə edilən döyüşlərə atılan cəsur hərbçilərimiz düşmənin illərlə hazırladığı müdafiə xəttini qısa müddətdə yararaq irəlilədi. Həm canlı qüvvə, həm psixoloji hazırlıq, həm də döyüş texnikası baxımından düşməndən xeyli irəlidə olan Ordumuz “Dəmir yumruq” əməliyyatını qalibiyyət ilə başa çatdırdı.
Bir mühüm amili də diqqətə çatdırlmalıyıq ki, Ordu nə qədər güclü və müasir gücə malik silahlarla təchiz olunsa da, döyüş meydanında sön sözü deyən yenə də gözünü yumaraq Vətən uğrunda ölümə atılan canlı insandır. Bu mənada Vətən müharibəsində Zəfər qazanmağımızın əsas səbəbkarı Azərbaycan əsgər və zabitləridir. Təsadüfi deyil ki, Ali Baş Komandan İlham Əliyev də çıxışları zamanı dəfələrlə qeyd etdi ki, bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir: “Bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.
Ordumuzun hər bir əsgərinə, hər bir zabitinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşan dövlət başçısı təsadüfi deyil ki, müharibənin bitməsinə dair üçtərəfli bəyanatın imzalanmasından sonra yaralı hərbçilərin müalicə olunduqları 1 saylı Kliniki tibbi Mərkəzə baş çəkərək Qələbə sevincini ilk olaraq onlarla bölüşdü: “Vətən müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq Qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, işğalçıları torpaqlarımızdan qovmuşuq. Mən gəlmişəm ki, bu parlaq Qələbə münasibətilə sizi şəxsən təbrik edim, sizə öz təşəkkürümü bildirim, Azərbaycan xalqının təşəkkürünü bildirim ki, siz qəhrəmancasına döyüşərək, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərmisiniz, yaralanmısınız, öz həyatınızı risk altına atmısınız, böyük şücaət göstərmisiniz”.
Vətən müharibəsi başa çatdığı andan bu günə kimi bir anlıq da olsa, dövlətimiz şəhid ailələrini, qazilərimizi, müharibə iştirakçılarımızı diqqətdən kənarda qoymur. Hər gün onlarla hərbçimizin yüksək mükafatlarla təltif olunmaları xəbərini alırıq. Ali hərbi rütbələrin verilməsi, hərbçilərin “Qarabağ”, “Zəfər” ordenləri, “Milli Qəhrəman”, “Vətən müharibəsi Qəhrəmanı” adları ilə mükafatlandırılması prosesi hələ də davam edir. Heç şübhəsiz ki, bu ənənə gələcəkdə Müdafiə Nazirliyi tərəfindən də davam etdiriləcək. Prezidentin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatı məqsədilə “Yaşat” Fondunun təsisi haqqında Fərman imzalaması dövlətimizin hərbçilərə, şəhid ailələrinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Əminəm ki, bu möhtəşəm Qələdəbədən sonra Ordumuz da da qüvvətlənəcək. Çünki biz qalib tərəfik. Artıq əsgərdən sərkərdəyə kimi hamı döyüş təcrübəli heyətdir. Bu, hər bir ordunun inkişafı üçün vacib amildir. Yenə də müasir texnikamız olacaq, ən əsası isə artıq o texnika döyüş görmüş, təcrübəli hərbi heyətin əlində olacaq. Ordudakı islahatlar davam edəcək. Şəhid ailələri, qazilər, hərbçilər, ehtiyatda olan zabitlərimiz bundan sonra da dövlətin xüsusi qayğısı ilə əhatə olunacaqlar. 44 gün ərzində baş verənlər hələ uzun müddət ərzində təhlil olunacaq, heç kim diqqətdən kənarda qalmayacaq. Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə xüsusi təyinatlılarımızın göstərdikləri şücaət bu günə kimi, xarici hərbi ekspertlər tərəfindən müzakirə olunur. Şübhəsiz ki, Azərbaycan xüsusi təyinatlılarının döyüş bacarıqları gələcəkdə ordumuzda geniş istifadə olunacaq.
Polkovnik Rövşən Məhərrəmov,
Sadiq MN Hərbi Polisin rəisi