Deputatdan hərbçilərimizin yayılan görüntülərinə reaksiya: “Əsgərlik istirahət yeri deyil”
“Əsgər və zabitlərimiz bilməlidirlər ki, əsgərlik istirahət yeri deyil. Ora kifayət qədər çətin, ağır bir xidmətdir. Təsadüf deyil ki, əsgərlik kişilik xidməti kimi də qiymətləndirirlər”.Bu sözləri deputat Fəzail Ağamalı azad olunmuş torpaqlarımızda xidmət edən bir neçə hərbçimizin şəraitin çətinliyi ilə əlaqədar sosial şəbəkələrdə yaydığı videolardan danışarkən söyləyib.
Deputat bildirib ki, müharibə bitsə də informasiya müharibəsi davam edir və bu cür paylaşımlarla düşmənin əlinə imkan vermək düzgün deyil:
“Müharibə dövründə də, bundan sonra da biz giley-güzarın şahidi olmadıq. 44 gün Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman əsgərlərimiz tarix yazdılar. İşğal altında olan torpaqlarımızı işğaldan azad etdilər. Bu yeni tarixin yazılmasında onların imzası var. Bununla özləri hər zaman fəxr edəcəklər. Gələcəkdə öz döyüş xidmətləri, əfsanələri, igidlikləri haqqında öz nəvələrinə də xatirələrini söyləyəcəklər. Övladları, nəvələri bundan sonra gələn bütün nəsilləri bununla qürur duyub, fəxr edəcəklər. Mən çox istəyərdim ki, dəyərli əsgərlərimiz bunları ciddi şəkildə yaddaşlarında saxlasınlar.
Hərbçilərimizin çətinlikləri ilə bağlı mən də maraqlanıram, seçildiyim Salyan dairəsindən olan, Laçında, Şuşada qulluq edən hərbçilərimizlə təmasdayam. Onlarla əlaqə saxlayıram. Hətta iki ailə ərzağa ehtiyacı olduqları haqqında müraciət etdilər.
O iki ailəni mən 1 ay tam ərzaq yardımı göstərdim. Yeni il ərəfəsində bu yardımı davam etdirməyi düşünürəm. Hərbçilərə, şəhid ailələrinə, qazilərimizə imkan daxilində kömək edək. Bu kampaniyada mən tək deyiləm. Heydər Əliyev Fondu bütün rayonlarda artıq bu kampaniyanı başladıb. Bu missiyanı böyük uğurla həyata keçirir. Əsgər xidmətdə olan səfərbərlik və ya könüllü şəkildə xidmət göstərən əsgərlərimiz dövlətin diqqət mərkəzindədi.
Eyni zamanda sentyabrn 27-dən səfərbərlik və ya könüllü şəkildə xidmətə başlayan və bu günə qədər xidmət göstərən və bundan sonrada xidmət göstərəcək əsgərlərimizə yüksək səviyyədə vəsaitin verilməsi haqqında artıq məsələni araşdırmağı sona çatdırmışıq. Ümidvaram ki, bu bu günlərdə artıq reallaşacaq. Dövlətin, Ali Baş Komandanımızın əsgərlərimizə ayrı bir qayğısı var. Bunu bizim əsgərlərimiz də nəzərə almalıdılar. Bu şəkildə olan gileyi-güzarı kənara qoymalıdılar.
Sosial şəbəkələrdə bu cür videoları yayıb göndərmək onlara baş ucalığı gətirmir. Onlara heç nə qazandırmır. Ola bilsin ki, bu və ya digər çətinliklər varsa, onlar bunu komandirlərinə müraciət etməklə həll edə bilərlər. Bunu ictimailləşdirmədən yaşadıqları rayonun millət vəkillərinə müraciət etsinlər. Onların çətinlikləri millət vəkilləri vasitəsi ilə araşdırılsın. Bunlar sosial şəbəkələrə çıxmasın”.
Deputat bir daha vurğulayıb ki, Azərbaycanın millət vəkilləri, imkanlı iş adamları, Heydər Əliyev Fondu əsgərlərimizin, zabitlərimizin yanındadırlar və ehtiyaclarını ödəməkdədirlər:
“Qardan, çovğundan, soyuqdan qorxmaq lazım deyil. Bildiyim qədəri ilə onlar buna görə isti paltarla təmin olunublar. Qaldıqları yer normaldır. Mənə verilən məlumata görə, onların yeməkləri, paltarları, yerləri də qaydasındadır. Onlar növbə ilə xidmət edirlər. Biri digəri ilə əvəz olunur. Növbə verdikdən sonra isti sobanın qırağında istirahət edib yenidən xidmət göstərirlər. Onların əsas problemi evləri ilə bağlıdır. Mənə məlumat gələn kimi dərhal onu həll etməyə çalışıram.
Düşmənə əsas verən, bəhanə edib, üstümüzə gələcəkləri, anti-Azərbaycan təbliğatı aparmaq üçün istifadə edəcəkləri imkanlar yaratmamalıyıq. Rəsmilərimizdən xahiş edirəm ki, əsgərlərimizin əgər çətinlikləri varsa, həll etmək üçün birlik olaq, bacaraq. Hərbçilərimiz də bu cür qayğılardan uzaq, vətənimizə sədaqətlə xidmət etməyə davam etsinlər. Onların hər biri bizim igid oğullarımızdır”.(Modern.az)