Millət vəkili gənclərlə onlayn görüş keçirib – FOTO
Gənclər cəmiyyətin ən dinamik zümrəsi olaraq ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Ölkəmizdə də, gənclər tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olublar. Onlar hər zaman Azərbaycanın ayıq-sayıq və ən iti görən gözü kimi ölkənin ictimai-siyasi həyatında yaxından iştirak ediblər. Ölkəmizin tarixinə qızıl hərflərlə yazılan 44 gün davam edən Vətən müharibəsi Azərbaycan gənclərinin milli vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu, mənəvi dəyərlərə sadiqliklərini təsdiq etdi.
Bu sözləri YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev gənclərlə onlayn formatda keçirdiyi görüşdə səsləndirib. Millət vəkili İkinci Vətən müharibəsinin Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyəsində yeni mərhələ olduğunu qeyd edib.
Ölkə Prezidentimizin xalqa müraciətinizdən dərhal sonra on minlərlə gəncin Vətəni qorumaq üçün könüllü olaraq ordu sıralarına yazıldığını xatırladan millət vəkili Azərbaycan gəncinin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almasından danışıb: “Bu gün dövlət gənclər siyasətinin ölkədə uğurla həyata keçirilməsi nəticəsində gənclərin önündə böyük qapılar, yollar açılıb. Gənclərimiz bu imkanlardan layiqincə yararlanır, həm öz inkişaflarını təmin edir, həm də, dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi özlərini təsdiq edirlər. Fərəhli haldır ki, bu günün gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşib, Vətənimizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi naminə hər bir sahədə böyük fəallıq göstərirlər”.
Ətraflı müzakirələrin aparıldığı görüşdə millət vəkili Naqif Həmzəyev gənclərin çoxsaylı suallarını cavablandırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.