Günümüzün qəhrəmanları – fədakar həkimlər
Bu günlər Azərbaycan xalqı tarixinin ən şərəfli günlərini yaşadı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz Vətən müharibəsində şanlı qələbə qazanaraq, 30 ildən çox işğal altında olan torpaqlarımızı azad etdi. 44 gün ərzində igid oğullarımız əsl qəhrəmanlıq nümunəsi göstərdilər.
Bu 44 gün ərzində hamı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevdən xoş müjdə almaq arzusu ilə sabahlarını açdı, hamı müharibədən danışdı, hamı Qarabağa, cəbhəyə kökləndi, bütün qəlbi və əzmi ilə milli birlik nümayiş etdirdi. Amma bir faktı qeyd etməliyik ki, ən böyük yük səhiyyə işçilərinin üzərinə düşdü. Hər kəsin düşmənlə mübarizə apardığı halda həkimlərimiz iki cəbhədə – həm Vətən müharibəsində, həm də koronavirusa qarşı səngərdə fədakarlıq nümayiş etdirdilər. Onların bir qismi cəbhə bölgələrində yaralı əsgər və zabitlərimizin sağlamlığının keşiyində dayandı, digər qismi isə bir neçə aydır davam edən COVID-19 pandemiyası ilə mübarizə apardı. Bu savaşda Bakının küçələrində və respublikanın magistral yollarında hərəkətdə olan təcili yardım xidmətinin tibb heyətinin zəhmətini hər kəs görürdü. Şükürlər olsun ki, müharibə Azərbaycan Ordusunun parlaq qələbəsi ilə başa çatdı, ölkədə elan olunmuş hərbi vəziyyət ləğv edildi. Amma artıq bir ilə yaxındır ki, bütün dünyanı cənginə almış koronavirus imtahanı hələ də bitməyib. Topsuz-tüfəngsiz bu savaşda səhiyyə işçilərimiz “gözəgörünməz düşmən”lə döyüşə davam edirlər.
Bu müharibənin taktikası dünyada baş vermiş müharibələrin hamısından fərqlidir. Başqa xalqların ərazilərini, sərvətlərini ələ keçirməyi əsas hədəf kimi seçən digər savaşlardan fərqli olaraq, biomüharibənin əsas strategiyasını insanı məhv etmək təşkil edir. Koronavirus yaşlı cavan bilmədən, sosial, ictimai-siyasi, irqi, dini fərqləri nəzərə almadan insanları məhv edir. Fədakar həkimlərimiz bu itkilərin sayını minimum endirmək üçün öz həyatlarını riskə ataraq gecə-gündüz bilmədən var gücləri ilə çalışırlar. Dövlətimizin son illər ərzində səhiyyə sahəsində həyata keçirdiyi ardıcıl islahatlar, paytaxtda və regionlarda istifadəyə verilmiş müasir tipli xəstəxana kompleksləri, xəstəxanaların ən müasir tibbi avadanlıq və cihazlarla təmin olunması, həkimlərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi sahəsində atılmış addımlar respublikamızda rəqabətədavamlı səhiyyə səviyyəsinin formalaşdırılması ilə nəticələnmiş və bu da öz növbəsində bugünkü mürəkkəb vəziyyətdə öz müsbət nəticələrini verməkdədir. Azərbaycan həkimlərinin vətənpərvərliyi və fədakarlığı sözün əsl mənasında xalqımızın koronavirus müharibəsinin sınaqlarından uğurla çıxmasında mühüm rol oynamışdır. Azərbaycan həkimləri pandemiya dövrünün insanlar üçün həyati əhəmiyyət daşıyan vəzifələrini şərəflə həyata keçirərək dövlətimizin də, xalqımızın da etimadını qazana bilmişdir. Elə həkimlərimiz var ki, aylardır evlərinə getmirlər, ailələrindən, övladlarından ayrı düşüblər. Hətta tibb işçilərindən də koronavirusa yoluxanlar, dünyasını dəyişənlər var. Həkimlər öz həyatlarını təhlükəyə ataraq, insanlarımızı dəhşətli virusdan qorumaq, yoluxanları sağaltmaq üçün əllərindən gələni edirlər. Koronavirus xəstələrinin müalicəsi ölkəmizin ən qabaqcıl xəstəxanalarında aparılır. Pandemiya ilə mübarizə işinin tərkib hissəsi kimi yeni laboratoriyalar alınıb. Hazırda belə laboratoriyaların sayı 20-dən çoxdur. Azərbaycanın koronavirusla bağlı mübarizə metodları beynəlxalq aləmdə də böyük rəğbətlə qarşılanır. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bir neçə dəfə bu sahədə nümunəvi ölkə adlandırıb. Dövlətimizin həm pandemiyanın ilk mərhələsində, həm də sonrakı dövrlərdə gördüyü operativ tədbirlər, atdığı məhdudlaşdırıcı addımlar yüksək qiymətləndirilib.
Koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində virusla səmərəli mübarizə aparan tibb müəssisələrindən biri də Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasıdır. Koronavirusla mübarizə tədbirlərinin ilk günlərində kollektiv vətəndaşların sağlamlığı üçün səfərbər olub. Çağırışların çoxluğuna, vəziyyətin mürəkkəbliyinə baxmayaraq, stansiyanın əməkdaşları üzərlərinə düşən işləri vaxtında və qüsursuz icra etməyə çalışırlar.
Demək olar ki, gün ərzində “103” xidmətinə təxminən 2000-2500 çağırış daxil olur. Kollektiv gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, xəstələrin vaxtında hospitalizasiyası və təmasda olanların təcrid edilməsi məqsədilə gündəlik növbəyə çıxan təcili yardım briqadalarının sayı əlavə təşkil edilmiş feldşer briqadalarının, məzuniyyətlərin və təkmilləşmə kurslarına göndərişlərin müvəqqəti dayandırılması hesabına artırılıb, fasiləsiz iş rejimi təşkil edilib. Pandemiyanın geniş yayıldığı bu günlərdə tibb heyəti çağırış ünvanlarına özlərini vaxtında çatdıraraq, yüksək hərarət, tənəffüs çatışmazlığı, ağırlaşmaya səbəb ola biləcək hər hansı digər xəstəliklər aşkar edildiyi halda, onları stasionara yerləşdirirlər. Hospitalizasiya olunan yoluxmuş şəxslərin ailə üzvlərindən və iş yerində onlarla təmasda olanlardan da müayinə materialları götürülür.
Yüngül və ya simptomsuz gedişli xəstələrə gəlincə, onlar adətən yuxarı tənəffüs yollarının iltihabı və zəiflik səbəbi ilə poliklinikalara müraciət edirlər. Bu zaman yoluxmaya şübhəli şəxslərdən virusun aşkarlanması üçün laborator müayinə materialı götürülür və xəstəliyə erkən dövrdə diaqnoz qoyularaq müalicəyə başlanılır. Hazırda poliklinikalar bu sahədə fəaliyyətlərini davam etdirirlər.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev mətbuata verdiyi açıqlamalarda dəfələrlə qeyd edib ki, kollektiv pandemiya ilə mübarizədə Səhiyyə Nazirliyi tərəfindən qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirir. O bildirib ki, tibb işçilərinə dövlətimiz tərəfindən göstərilən etimad və etibarı doğrultmaq üçün həkimlər bundan sonra da COVID-19-la mübarizədə üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə davam edəcəklər.
Bəli, insanların bu təhlükəli xəstəlikdən, həyatını itirmə riskindən qorunması naminə dövlətimiz tərəfindən həyata keçirilən ardıcıl tədbirlərin icrasında fədakar tibb işçilərimizin rolu böyükdür. Bunu Azərbaycan Prezidenti İlham Əliyev tibb işçiləri ilə görüşlərində böyük rəğbət hissi ilə dilə gətirib: “Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək istərdim. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır”.
Ölkə başçısı İlham Əliyevin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında 18 mart 2020-ci il tarixli Sərəncamı da Prezident tərəfindən səhiyyə işçilərinin əməyinə verilən daha bir qiymətdir.
Ölkə başçısının pandemiya ilə mübarizə aparan həkimlərimizə, tibb işçilərinə verdiyi yüksək qiymət, böyük dəyər, xüsusilə də onların əməyini ayaq üstə alqışlaması bu gün hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır, hər birimiz onların əməyini yüksək qiymətləndirməliyik. Hər birimiz xəstə yaxınlarının ümid yerinə, günümüzün qəhrəmanına çevrilmiş həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində böyük rolu olduğunu unutmamalıyıq. Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar. Bu günlərdə koronavirusla mübarizə çərçivəsində ölkədə karantin vaxtının uzadılması və sərt karantin rejimin tətbiq edilməsi də ölkəmizdə bu ağrılı prosesdən minimum itkilərlə çıxmaq üçün vaxtında qəbul edilmiş növbəti düzgün qərardır. İnanırıq ki, möhtərəm Prezidentimizin rəhbərliyi altında koronavirusla mübarizə dövründə olduğu kimi, postpandemiya mərhələsində də məsuliyyətli vəzifələr uğurla həyata keçiriləcək, xalqımız sağlam və xoşbəxt gələcəyə qovuşacaqdır.
İskəndər Quliyev
“Şəffaf Seçkilər”
Monitorinq Mərkəzinin direktoru