DünyaGündəmManşetSiyasətXəbər xətti

Hüseyn Abdullayev Rəsul Quliyevi təhqir etdi

İki siyasi mühacir, iki prezidentliyə namizəd – eks-spiker Rəsul Quliyev və sabiq deputat Hüseyn Abdullayev arasında gözlənilməz gərginlik yaranıb.
 
“AzPolitika”nın məlumatına görə, Rəsul Quliyev Emin Hüseynova videomüsahibəsində Hüseyn Abdullayev və keçmiş səfir Arif Məmmədovun prezidentlik şansları barədə sualı da cavablandırıb. Eks-spiker onların heç birində prezidentlik potensialını görmədiyini bildirib. “Mən onların heç birini tanımıram, amma yazılarını oxumuşam. Düzdür, hamının belə bir iddiaya düşmək hüququ var, amma mən onlarda prezidentlik potensialı görmürəm” – R.Quliyev bildirib.
Eks-spikerin belə tikanlı açıqlamasına Hüseyn Abdullayevin cavabı özünəməxsus sərt olub. O, “Facebook”da R.Quliyevin əleyhinə kəskin fikirlər, hətta təhqirlər olan yazı paylaşıb.
“Xatırlayırsınızsa, mən öz namizədliyimi irəli sürdüktən sonra, İlham Əliyev aşiqi olan və bir vaxtlar guya mənim ona vurduğum zərbədən beyin travması alan, lakin nədənsə kəllə-beyin deyil, bir ginekoloq həkimi tərəfindən müayinədən keçən Fəzail Ağamalı bəyan etdi ki, Hüseyn Abdullayevin potensialı yoxdur və o prezident seçilə bilməz. Bu günlərdə isə Emin Hüseynovun qonağı olan Rəsul Quliyev eyni ifadəni təkrarlayaraq, haqqımda xoşagəlməz və sərsəm sözlər işlətmişdir” – H.Abdullayev yazır.
“Birincisi, sən… (Zəruri redaktə-red.) mənim hansı potensialımın olub-olmadığını müəyyən edirsən? İkincisi sən mənim üçün tamamən maraqsız və heç bir əhəmiyyət daşımayan, eyni zamanda tarixin zibilliyinə atılmış siyasi bir boşluqsan. İndi sən nə vaxtsa hansısa bir zavodun müdiri olmusan deyə, ölkədəki iqtisadi, hüquqi və köklü siyasi islahatların necə aparılmasını səndən başqa heç kimin edə bilməyəcəyini düşünürsən?” – deyə, H.Abdullayev daha sonra eks-spikerə suallar ünvanlayıb.
Sabiq deputat özündənrazı adamlardan zəhləsi getdiyini bildirib, R.Quliyevi qorxudan ölkədən qaçmaqda ittiham edib. Sitat: “Heç özünə hörmət edən adam deyərmi ki, mən kifayət qədər ağıllı adamam? İnsan var ki, yaşlaşanda üzünə nur, kəlamlarına müdriklik dolar. Görünür səndə əks proses gedib… Açığı iqtidar nümayəndələrinin məni tənqid etmələrinə və haqqımda nəsə demələrinə məhəl qoymuram artıq. Amma özünü bu rejimə muxalif sayan və elə bir ciddi təhdidlə qarşılaşmamasına baxmayaraq, qaçıb 22 ildir Amerikada gizlənən birisinin haqqımda dediyinə çox üzüldüm”.
Qeyd edək ki, bir müddət əvvəl siyasi çevrələrdə Rəsul Quliyevlə Hüseyn Abdullayevin prezident seçkiləri öncəsi ittifaq qura biləcəkləri barəsində müzakirələr gedirdi. Belə görünür ki, belə ehtimalların heç bir əsası olmayıb.