Sülhməramlılar ermənilərin könlünü alırlar – Elçin Mirzəbəyli
Azərbaycan dövləti hər zaman olduğu kimi imzasına sadiqdir. Bu mövqe Qarabağdakı proseslərin dinc yolla tənzimlənməsi ilə bağlı 10 noyabr üçtərəfli bəyanata münasibətdə də özünü göstərir.
Ancaq düşmən ölkənin davranışları, Qarabağdakı erməni tör-töküntülərin terror aktları, təxribatların davam etdirilməsi cəhdləri ordumuzu suveren hüquqlarından istifadə edərək sərt tədbirlər görməyə vadar edir. Ancaq Rusiya sülhməramlılarının baş verən təxribatlara loyal münasibətindən sui-istifadə edən erməni terrorçuları məkrli niyyətlərini reallaşdırmağa çalışırlar.
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Rusiya sülhməramlılarının xəritələrlə bağlı provokasiya xarakterli “səhvləri” haqqında danışılarkən bir məqamı nəzərə almaq lazımdır: “Burada söhbət Azərbaycan sərhədlərindən deyil, sülhməramlıların müəyyən zaman kəsiyi ərazində atəşkəsi və təhlükəsizliyi təmin edəcəyi ərazilərdən gedir. Yəni Azərbaycanın suveren hüquqları ölkənin bütün ərazilərinə, o cümlədən Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdirildiyi ərazilərə də şamil edilir. Dövlətin suveren hüquqları tam, bütöv anlayışdır və bu anlayışın kontekstdən çıxarılması mümkün deyil. Bunu federativ dövlət quruluşuna sahib olan və konstitusiya, eləcə də digər hüquq-normativ aktlarla federasiya subyektlərinin ehtimal edilən mərkəzdənqaçma meyllərini belə imperativ şəkildə bloklayan Rusiya hər kəsdən yaxşı bilir və bilməlidir də…” Xəritələrdəki “səhvlər” məsələsinə gəldikdə, E.Mirzəbəyli qeyd etdi ki, burada bir neçə məqamın yer aldığı qənaətindədir: “Bunlardan birincisi, ən bəsiti və tez ağla gələni Azərbaycan tərəfinin qıcıqlandırılmasıdır. Bu məqam hərbi əməliyyatların davam etdiyi dönəmdə və daha sonra Rusiyanın elan olunmamış prinsiplərinə və Rusiya hakimiyyətindəki bəzi hikkəli, həmçinin erməni sevdalısı olan bəzi siyasətçilərin təkəbbürünə toxunan, ancaq Azərbaycanın milli maraqları ilə uzlaşan addımlarla bağlıdır.
Digər amil Rusiyanın son 200 illik xarici siyasətinin təməl prinsiplərindən olan başqa ölkələrdəki etnik azlıqları himayə etməklə onları öz nüfuz müvəkkilinə çevirmək, yaxud özünə daha çox bağlamaq siyasəti ilə bağlıdır. Rusiyanın ermənilərlə bağlı bu siyasəti Gülüstan müqaviləsindən başlayaraq davam edir və Birinci Dünya müharibəsi illərində Osmanlı dövlətinə qarşı istifadə edilib. Başqa bir məqam isə ”səhvən” Rusiya sülhməramlılarının müvəqqəti nəzarət dairəsinə daxil edilən ərazilərin hərbi baxımdan əlverişli relyefi ilə də bağlı ola bilər”. Politoloq hesab edir ki, bunun iki alt niyyətlə bağlı olması mümkündür: “Rusiya sülhməramlıları ərazidə strateji baxımdan möhkəmlənmək istəyirlər, ya da öz məğlubiyyətlərində, dolayısıyla Rusiyanın guya onlara dəstək vermədiyini iddia edən ermənilərin könlünü alırlar. Muradovun hərbi cinayətlar Arutyunyanla çox ”səmimi” fotolarının paylaşılması da bunu sübuta yetirir. Hazırda Azərbaycan bu və digər qəbildən olan istənilən təxribata cavab vermək iqtidarındadır. Həyata keçirilən antiterror əməliyyatlarının miqyası və effektivliyi də bunu təsdiqləyir”.
Hər halda, Azərbaycan dövləti qətiyyətlidir və onun ərazi bütövlüyünə xələl gətirməyə çalışan istənilən qüvvəni neytrallaşdırmaq imkanına malikdir. Üstəlik, Ermənistanın “boyunu aşan” proseslərin cavabını vermək lazım gələcəksə, qardaş Türkiyə yanımızdadır…