AzMİU-da beynəlxalq onlayn konfrans keçirilib – FOTOLAR
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı ilə “İşğaldan azad edilmiş ərazilərdə memarlıq irsinin qorunması və istifadəsi problemləri” mövzusunda onlayn beynəlxalq elmi-praktik konfrans keçirilib.
Universitetdən Aktor.Az-a verilən məlumata görə, bu Konfrans ölkəmiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən Böyük Zəfər günlərinə təsadüf edir. Ali Baş Komandan və Müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarda memarlıq irsinin qorunması və istifadəsi problemlərinə həsr olunur.
Konfransda dünyanın müxtəlif ölkələrinin universitetlərindən, o cümlədən Memarlar İttifaqı, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, elmi mərkəzlər və digər təşkilatlardan nümayəndələr, alimlər iştirak ediblər.
“Zoom” platforması üzərindən keçirilən konfransda çıxış edən universitetin rektoru, Əməkdar memar, professor Gülçöhrə Məmmədova mövzunun aktuallığına diqqət çəkib. Rektor qeyd edib ki, 30 il ərzində işğalçı Ermənistan Azərbaycanın mədəni-tarixi abidələrinin yer üzündən silinməsi istiqamətində bir çox addımlar atıb. İşğaldan azad edilən ərazilərdə İslam abidələri tamamilə dağıdılıb, xristian abidələri isə erməniləşdirilib. Rektor söyləyib ki, ölkəmizin memar və alimləri beynəlxalq konfranslarda abidələrimizə qarşı törədilən erməni vandalizmini hər zaman dəqiq faktlarla nümayiş etdirib, beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəltməyə çalışıb. Beynəlxalq təşkilatlar tərəfindən müvafiq qətnamə və qərarların olmasına baxmayaraq bu günə qədər buna ciddi məhəl qoyulmayıb, işğalçı dövlət öz çirkin niyyətlərindən əl çəkməyib.
“Bu gün Ordumuzun işğaldan azad etdiyi ərazilərdə dağıntıların dəhşətli mənzərəsini görürük. Bu zonaların reabilitasiyası üçün böyük işlər görülməlidir. Dağıdılmış şəhər mərkəzləri, kəndlər və həmin ərazilərdə yerləşən tarixi abidələr öz əvvəlki vəziyyətinə qaytarılmalıdır. Bu sahədə öz işinin peşəkarı olan mütəxəssislərə ehtiyac olacaq”, – deyə G.Məmmədova bildirib.
Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə Azərbaycanın işğal altındakı ərazilərində minlərlə mədəni, tarixi, dini abidənin erməni təcavüzünün qurbanı olduğunu, bu abidələrin bir qisminin isə tamamilə yer üzündən silindiyini söyləyib. O vurğulayıb ki, ermənilər tərəfindən Azərbaycanın mədəni-tarixi abidələrinin bu gün öz ilkin vəziyyətinə qaytarılması dövlətimizin əsas gündəmində duran məsələlərdən biridir.
Konfransın plenar iclasında G.Məmmədova “İşğaldan azad olunmuş ərazilərdə memarlıq irsinin qorunması və bərpası” mövzusunda məruzə ilə çıxış edib. O, Qarabağın memarlıq tarixindən, Qafqaz Albaniyasına məxsus xristian memarlıq abidələri və İslam abidələrinin bugünkü vəziyyətindən danışıb.
İtaliyanın Milan Politexnik Universitetinin bərpa işləri üzrə dosenti Nora Lombardininin “Qoruma layihəsi üçün məlumatların idarə edilməsi: Strukturlardan yenidən istifadəyə”, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru Rahibə Əliyevanın “Mədəni irsin qorunması. Qarabağ abidələri” mövzusunda məruzələri dinlənilib.
Plenar məruzələrdən sonra konfrans öz işini sessiyalarda davam etdirib.