“O xalqın vəsaitləridir və sahibkarlar banklar vasitəsilə o vəsaitlərdən istifadə etməlidirlər” – Qüdrət Həsənquliyev
“Mən Tahir Mirkişiliyə də öz minnətdarlığımı bildirirəm ki, birinci oxunuşda mənim qaldırdığım məsələlərə öz nöqteyi nəzərindən aydınlıq gətirməyə çalışdı. Biz bu gün əmanətlərin sığortalanmasından danışırıqsa, insanları narahat edən bank sektorundakı vəziyyətə millət vəkilləri, xalqın təmsilçiləri olaraq münaibət bildirməliyik”.
Bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev səsləndirib: “Tahir müəllim çox düzgün olaraq qeyd edir ki, mən uzun illərdir bu məsələni qaldırıram ki, Neft Fondunun vəsaitlərinin bir hissəsi yerli banklarda saxlanılsın. Tahir müəllim də söylədi ki, buna mövcud qanunvericilik də imkan verir. Yəni həmin vəsaitlərin 5 faizi bizim yerli banklarda saxlanıla bilər. Amma çox təəssüf ki, bu günə qədər bu edilmir. Mən, millət vəkillərinin diqqətini xüsusi bir məsələyə yönəltmək istəyirəm.
Keçən dəfə Rüfət Quliyev, indi isə Tahir Mirkişili qeyd etdi ki, o vəaitlərin bir hissəsinin Azərbaycana gətirilməsi manatın kursuna mənfi təsir edə, inflyasiyaya təsir göstərə bilər. Mən sadəcə olaraq bizim hörmətli iqtisadçılardan soruşmaq istəyirəm ki, ölkəyə investisiya qoymadan iqtisadiyyatı necə inkişaf etdirmək olar?
Dünyanın hər yerində sahibkarlar banklarla işləyirlər. Tahir müəllim qeyd etdi ki, Azərbaycanda qoyulan investisyaların 15 faizi banklardan götürülmüş kreditlərdir, qalanı isə vətəndaşların, yaxud sahibkarların, hüquqi şəxslərin öz vəsaitləridir. Elə bu rəqəmin özü göstərir ki, burada ciddi anromallıq var”.
“Bank maliyyələşdirməsi olmadan iqtisadiyyatın inkişafı mümkün deyil”
Millət vəkili əlavə etdi ki, banklar dünyanın hər yerində iqtisadiyyatın qan–damar sistemidir: “Bank maliyyələşdirməsi olmadan iqtisadiyyatın inkişafı mümkün deyil. Onsuz da bizim bir çox banklarımız xarticdən vəsait cəlb edirlər, sonra onun da üzərinə bizr az pul qoyub sahibkarlara verirlər. Hörmətli Tahir müəllim, faizlər yuxarı olduğuna görə, Azərbaycanda 7 milyard sərbəst vəsait qalıb. Ona görə ki, o faizlərlə heç kim kredit götürmək istəmir. Onu sonra qaytarmaq faktiki olaraq mümkün deyil. Elə bir gəlirli sahə yoxdur ki, o vəsaiti qaytarmaq mümkün olsun. Ona görə də, 10 milyonluq Azərbaycan kimi ölkədə iqtisadiyyata yüz milyardlarla investisiya qoyulmalıdır. Buna görə, mən söyləyirdim ki, dünyadakı nüfuzlu xarici banklar Azərbaycana dəvət olunsun, investisiya cəlb edilsin. Öz Neft Fondumuzun vəsaitinin bir hissəsi gətirilib yerli banklarda saxlanılsın. Onda vətəndaşlar da həmin banklara öz pullarını qoyacaqlar. Fikirləşəcəklər ki, əgər dövlət yerli banklarda, özəl kommersiya banklarında pulunu saxlaylrsa, deməli biz də həmin banklara öz pulumuzu qoya bilərik. İndi evlərdə çoxlu böyük vəsaitlər var. Camaat həmin pulları evlərdə saxlayır və iqtisadiyyata yatırmağa cəsarət eləmir, risk etmirlər. Ona görə mən bu məsələni hər dəfə qaldırıram. Bir məsələni istəyirəm xüsusilə iqtisadiyyat komitəsinin üzvlərinin diqqətinə çatdırım. Ona görə ki, onlar hökumətlə bu istiqamətdə daha çox təmasda olurlar. Bizdə neft pulları Tahir müəllim qeyd etdi ki, büdcəyə daxil olur və onu büdcə vasitəsilə dövlət xərcləyir. Mən hər zaman söyləmişəm ki, xaricdə öz biznesini qura bilməyən insanlar dövlət qulluğuna gedirlər. Əsasən bu belədir, əlbəttə istisnalar da var. Ona görə də biz, imkan yaratmalıyıq ki, həmin pulları banklar vasitəsilə sahibkarlar xərcləsin. Sahibkar təfəkkürü fərqlidir. Onlar daha yaxşı bilirlər, pulu hara qoymaq və hardan daha çox qazanc götürmək olar. İndi kimsə deyə bilər ki, əlbəttə bizdə sahibkarlığa yardım fondu vasitəsilə də sahibkarlara ucuz kreditlər formasında müəyyən vəsaitlər verilir. Söhbət təqribən 200 milyon vəsaitdən gedir ki, biz bunu büdcədən ayırırıq. Bu olduqca kiçik bir vəsaitdir. İkincisi orada da məmur müəyyənləşdirir ki, bu layihəni maliyyələşdirmək olar, yoxsa yox. Amma bunu banklarla sahibkarların öz öhdəsinə buraxmaq lazımdır. Sahibkarlara o neft pullarından istifadə etmək imkanı yaradılmalıdır. O xalqın vəsaitləridir və banklar vasitəsilə də sahibkarlar o vəsaitdən istifadə eləməlidirlər. Ona görə, mən hər zaman söyləyirəm ki, ucuz kreditlər olmadığı təqdirdə, Azərbaycanda iqtisadiyyata ciddi investisiya qoyuluşu olmayacaq. İndi qarşıdan büdcə müzakirəsi gəlir. Çox təəsüf, ki bu məsələ yubanır, il başa çatır və biz büdcəni təsdiq etməliyik. Bu məsələyə də aydınlıq gətirilsəydi yaxşı olardı…”.