Rusiya sülhməramlılarının gündə bir xəritə cızması kağız üzərində olan məsələlərdir – Vahid Əhmədov
Milli Məclisin deputatı Vahid Əhmədov Rusiya sülhməramlılarının Qarabağda xəritə oyunundan və atəşkəsin pozulmasından danışıb. V. Əhmədov “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, baş verənlər təxribat xarakterli mövqelərdir:
“Rusiyanın son vaxtlar Azərbaycana qarşı münasibətində müəyyən çalarları hiss edirəm. Xüsusilə də Azərbaycanda böyük parad keçirildi. Bu paradda Rəcəb Tayyib Ərdoğanın iştirakı, Azərbaycanın düşməndən qənimət götürdüyü texnikalar nümayiş etdirildi. Onlar hamısı Rusiyanın istehsal etdiyi hərbi texnika idi. Bu məqamlar Rusiyaya təsir edib. Ona görə də müəyyən manevrlər edirlər ki, Azərbaycana qarşı təzyiqlərdən istifadə etsinlər. Bildiyiniz kimi, Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoyub. Guya hansısa xəstəlik var. Bunlar hamısı yalan şeylərdir. Ancaq hesab edirəm ki, bunlar hamısı müvəqqəti hallardır. Rusiya ilə Azərbaycan strateji müttəfiqdir. Belə hallara imkan vermək olmaz. Bundan əlavə, Rusiya sülhməramlılarının gündə bir xəritə cızması kağız üzərində olan məsələlərdir. Rusiya sülhməramlıları daha çox orada asayişi bərpa etməklə məşğul olmalıdırlar. Davayla asayiş bərpa olunsaydı, Hadrut ətrafında olan hadisələr baş verməzdi. Çünki ermənilər kifayət qədər sayda meşələrdə və. s yerlərdə hələ də gizləniblər. Azərbaycanın da məqsədi odur ki, antiterror əməliyyatı həyata keçirməklə bunları aradan qaldırsın. Ancaq bunlar yenə də müvəqqəti hallardır. Bir çoxları kimi bəzi dövlətlər Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək istəmir.”