Tofiq Ağahüseynova prezidentin fəxri diplomu təqdim olunub – FOTOLAR
01 fevral 2018-ci il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Admistrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla veteranların görüşü keçirilib.
Aktor.Az xəbər verir ki, Əli Həsənov çıxışına başlamazdan öncə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin veteranlara salamlarını və ən xoş arzularını çatdırmış, dövlət başçısının veteranlarla bağlı məsələləri daim diqqət mərkəzində saxladığını bildirmişdir. Bu gün də məhz xüsusi bir missiyanı həyata keçirmək üçün veteranlarla görüşə gəldiklərini qeyd edən Ə.Həsənov bu il fevral ayının 1-də 95 yaşı tamam olmuş Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynovun Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərancamı ilə 31 yanvar 2018-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunduğunu bildirmişdır.
SSRİ dövründə bir sıra məsul hərbi vəzifələrdə işləmiş Tofiq Ağahüseynovun sovet dövründə general-polkovnik rütbəsi alan ilk azərbaycanlı olduğunu qeyd edən Əli Həsənov onun müstəqilliyin bərpasından sonra ulu öndər Heydər Əliyevin hərbi məsələlər üzrə köməkçisi kimi hərbi sahənin inkişafında, Azərbaycanın müasir standartlara uyğun, güclü ordusunun qurulmasında mühüm xidmətlər göstərdiyini xüsusi vurğulamışdır.
T.Ağahüseynovun Azərbaycan Respublikası Prezidentinin hərbi məsələlər üzrə köməkçisi vəzifəsinə təyin edildiyi 1997-ci il 17 aprel tarixini və bu işlədiyi dövrü xatırladan Ə.Həsənov onun karyera həyatında da ulu öndərin mühüm rolu olduğunu və generalın da bunu dəfələrlə etiraf etdiyini bildirmişdir. Sovet dövründə tutduğu yüksək vəzifələri T.Ağahüseynovun hərbi sahədəki bacarığının və xidmətlərinin göstəricisi kimi qiymətləndirərək, qocaman generalın müharibə şəraitində olan Azərbaycanda milli ordu quruculuğundakı mühüm xidmətlərindən danışaraq: “məhz bu xidmətlərinə görə T.Ağahüseynov Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə “Şöhrət” və “Azərbaycan Bayrağı” ordenləri ilə təltif olunub”, demişdir.
Tofiq Ağahüseynovun veteran hərakatına verdiyi töhfələr nəzərə alınaraq onun Respublika Veteranlar Təşkilatının sədri seçilmsini və bu sahədə gənclik həvəsi ilə fəaliyyətə başladığını qeyd edən Ə.Həsənov onun Azərbaycan xalqına, dövlətinə bu gün də layiqincə xidmət etdiyini bildirmişdir. İkinci Dünya müharibəsinin od-alovundan keçmiş veteranın bu günki yüksək dövlət mükafatına da ölkənin ictimai həyatında səmərəli fəaliyyətlərinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə layiq görüldüyünü diqqətə çatdırmışdır. Tofiq Ağahüseynovun Respublika Veteranlar Təşkilatının sədri kimi fəaliyyət göstərdiyi qısa müddətdə Təşkilatda işgüzar ovqat daha da yüksəlmiş, beynəlxalq səviyyəli tədbirlər keçirilmişdir. Ə.Həsənov veteranların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, səmərəli və fəadakar fəaliyyətləri ilə gənclərə daim nümunə olduqlarını vurğulayaraq, bundan qürur duyduqlarını demişdir.
Çıxışının sonunda Azərbaycan Respublikası Prezidentinin fəxri diplomunu T.Ağahüseynova təqdim edən Prezidentin köməkçisi ona möhkəm can sağlığı, işlərində müvəffəqiyyətlər arzulamış, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş veteranlara dövlət qayğısı siyasətinin Azərbaycanda gələcəkdə də davam etdiriləcəyini əmin etmişdir.
T.Ağahüseynov çıxış edərək yüksək təltifə və diqqətə görə Azərbaycan Respublikası Prezidentinə dərin minnətdarlığını çatdırmış, Ali Baş Komandanın veteranları daim diqqətdə saxladığını bildirmişdir. O, bu il Respublika Veteranlar Təşkilatının qarçısında duran mühüm vəzifələrdən, ulu öndər Heydər Əliyevin 95 illik yubileyinin beynəlxalq səviyyədə keçirilməsi üçün hazırlıq işləri görülməsindən danışmış, həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileylərinin qeyd olunacağını qeyd etmişdir. Azərbaycanda bu il keçiriləcək prezident seçkilərinə hazırlıq işlərində Təşkilatın fəal iştirak edəcəyini də xüsusi vurğulayan RVT sədri bu sahədə veteranların daim təşəbbüskar olduqlarını bildirmişdir.
Görüş başa çatdıqdan sonra Ə.Həsənov veteranlarla xatirə şəkli çəkdirmişdir.