ManşetSiyasətXəbər xətti

Cəmiyyətə daha praqmatik mesajların verilməsinə ehtiyac var – Elçin Mirzəbəyli

Noyabrın 10-da Vətən müharibəsi başa çatandan sonra Ermənistanın son 30 ildə Azərbaycana vurduğu zərərin müqabilində on milyardlarla dəyərində ölçülən təzminatı necə ödəyəcəyi ilə bağlı müzakirələr də gündəmdədir.

Bütün sahələr üzrə ciddi böhran keçirən təcavüzkar ölkənin bu təzminatı heç bir halda ödəmək imkanlarının olmadığı hər kəsə güzgü kimi aydındır. Belə olduğu üçün təzminat əvəzi olaraq bir sıra təkliflər səslənməkdədir.

O təkliflərin önündə isə Azərbaycanın tarixi ərazisi sayılan Zəngəzurun ölkəmizə qaytarılması gəlir. Son olaraq, belə bir fikirlərlə rusiyalı politoloq çıxış edib. O deyib ki, Ermənistan Azərbaycana ödəməli olacağı təzminatdan qurtulmaq üçün Zəngəzuru və Azərbaycan üçün strateji başqa yerləri güzəştə getsin.

Ermənilər belə bir təklif etməyə məcbur qalsalar, Azərbaycan tərəfin necə davranacağı barədə yaranan çoxlu sayda suallar ətrafında geniş müzakirələr gedir. Onu da qeyd etməyi vacib bilirik ki, bu plan hər zaman masa üzərində olub və pul müqabilində Azərbaycan ərazilərinin geri qaytarılması barədə çox yazılar gedib. Amma nəzərə alaq ki, indi vəziyyət tamamilə dəyişib. Müzəffər ordumuz Qarabağı azad edərək, erməniləri prezident İlham Əliyevin dediyi kimi, oradan it kimi qovub. İndi bizim qarşımızda duran əsas məsələ Ermənistana təzminat davası açmaqdır ki, bu yöndə də artıq işlər gedir. Ermənistanı Zəngəzur və digər tarixi ərazilərimizi boşaltmağa məcbur qoymağın yeganə yolu kimi təzminat məsələsi önə çəkilir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, politoloq Elçin Mirzəbəyli Musavat.com-a açıqlamasında məsələyə bu cür münasibət bildirib:

“Azərbaycan Ordusunun zəfərindən sonra istənilən fikri ehtimal olaraq səsləndirmək və sonsuza qədər inkişaf etdirmək mümkündür. Amma düşünürəm ki, indiki şəraitdə cəmiyyətimizə daha realist, daha praqmatik mesajların verilməsinə ehtiyac var. Biz maksimum gözləntilərimiz olduğu halda belə, minimum nəticə barədə danışsaq, daha yaxşı olar. Ermənistandan təzminatın tələb edilməsinin hüquqi mexanizmlərinin müəyyənləşdirilməsi, prosedurun həyata keçirilməsi uzunmüddətli və olduqca mürəkkəb bir prosesdir. Nəzərə almaq lazımdır ki, təzminatla bağlı prosesin özü belə mərhələli və fərqli yuridiksiyalar altında, fərqli instansiyalarda və fərqli prosedurlarla həyata keçirilə bilər. İnsan hüquq və azadlıqlarının pozulması, vətəndaşlara dəyən maddi və mənəvi ziyan, dövlətə dəyən ziyan, işğal altında olan ərazilərdəki təbii ehtiyatların qanunsuz mənimsənilməsi, ekologiyaya vurulan ziyan, tarixi və mədəni abidələrin dağılması, beynəlxalq humanitar hüququn pozulması və digər müharibə cinayətləri həm kompleks, həm də ayrı-ayrılıqda hüquqi yanaşma tələb edir. Nəzəri baxımdan, bu gün istənilən mülahizə irəli sürülə və hətta ağlasığmaz, fantastik ssenarilər haqqında da danışıla bilər. Mən belə açıqlamaları və müzakirələri faydalı hesab etmirəm. Bütün bunlar haqqında yalnız müvafiq beynəlxalq məhkəmələrin qərarları olduqdan və onların yerinə yetirilməsi mexanizmləri hazırlandıqdan sonra danışmaq olar”.