“İlham Əliyev göstərdiyi bacarığa görə təqdirəlayiqdir” — İlqar Məmmədov
“Şahmat partiyasına bənzətmə ən doğru olar. Partiya üç hissədən ibarət olur – debüt (başlanğıc), mittelşpil (oyunun ortası) və endşpil (oyunun yekunlaşan hissəsi). 1987-1994 debüt illəri idi. Biz onu Ermənistana uduzduq, amma partiya davam edirdi. 1994-2020 mittelşpili Azərbaycan qazandı və endşpilə üstün mövqedə girir. Endşpil adətən daha qısa və hadisələrlə daha dolu olur. Onu da oynamaq gərəkdir. Boşalsan, üstünlüyü itirib işi heç-heçəyə, hətta məğlubiyyətə apara bilərsən”.
Aktor.Az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.
ReAl Partiyanın sədri qeyd edib ki, Prezident İlham Əliyev mittelşpilin sonunda göstərdiyi bacarığa görə hər təqdirə layiqdir: “Həmin mərhələdə hesab bacarığı ilə yanaşı təcrübənin yetişdirdiyi intuitiv qərarlar da önəmli rol oynayırdı. Lakin endşpil ancaq hesablama qabiliyyətindən asılıdır. Deməli diqqətin cəmləşməsi indi əvvəlkindən daha önəmlidir. Ölkə içindəki münasibətlər dövlətin kobud güc alətlərindən nə qədər uzaq tutulsa, fikir məqsəddən bir o qədər az yayınar. Ərazi bütövlüyümüzün möhkəmləndirilməsi yolunda açılan yeni fürsətləri hamımıza, o cümlədən həlledici qərarları verən prezidentə lazımınca istifadə etməyə ancaq siyasi dialoqun davamı, əməkdaşlığın əhatəsinin genişləndirilməsi, oyun qaydalarının milli tərəqqi ehtiyaclarına tabe edilməsi imkan verər”.