Meksikalı tələbələr BMT modelində Azərbaycanı təmsil edəcəklər – FOTO
1942-ci ildən Meksikanın ilk yəhudi təhsil müəssisəsi kimi fəaliyyətə başlamış Yavne Kollecinin tələbələri üçün Azərbaycanın Meksikadakı səfirliyində ölkəmiz barədə təqdimat keçirilib.
Səfirlikdən Aktor.Az-a verilən məlumata görə, həmin tələbələr yaxın zamanlarda ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının model simulyasiya yarışında iştirak edəcək və həmin simulyasiya yarışı çərçivəsində BMT modelində Azərbaycanı təmsil etməyi seçiblər.
Meksikadakı səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov qonaqlara ölkəmizin tarixi və mədəniyyəti barədə geniş məlumat verib, Azərbaycan xalqının tarixən proqressivliyi ilə seçildiyini və dünya tarixində Müsəlman Şərqin ilk demokratik respublikasının məhz Azərbaycanda yarandığını deyib. Bu il Azərbaycan xalqının respublikanın yüz illiyini qeyd etdiyini və 2018-ci ilin Azərbaycan Demokratik Respublikası ili elan edildiyini qonaqların diqqətinə çatdırıb.
Diplomat ölkəmizin müstəqilliyini bərpa etdikdən dərhal sonra üzləşdiyi çətinliklərə və xarici təcavüzə baxmayaraq bütün sahələrdə əldə etdiyi sürətli inkişafı barədə danışıb, dünyada öz layiqli yerini tutduğunu vurğulayıb. Bildirib ki, bunlara Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və ardıcıl siyasətləri nəticəsində nail olmaq mümkün olub. Azərbaycanın təşəbbüsü ilə qlobal miqyaslı iqtisadi layihələrin uğurla reallığa çevrildiyinə toxunan nümayəndəmiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru xətləri və Bakı-Tbilisi-Qars dəmir yolu barədə, həmçinin uğurla həyata keçirilən Cənubi Qaz Dəhlizi layihəsi, onların region ölkələrinin rifahı, Avropanın enerji təhlükəsizliyinə töhfəsi barədə danışıb.
Ölkəmizin müxtəlif mədəniyyət və dinlərin bir yerdə yüzillərdə heç bir ayrıseçkiliyə məruz qalmadan yaşamasını qeyd edən diplomat ölkə rəhbərliyinin bu sahəyə ayırdığı xüsusi diqqəti nəticəsində ölkəmizin multikulturalizm və mədəniyyətlər arası dialoqun dünya miqyaslı mərkəzlərindən birinə çevrildiyini deyib.
Son zamanlar Azərbaycanın turistlər üçün daha da cəlbedici olduğunu, burada müxtəlif dünya miqyaslı tədbirlərin böyük uğurla keçirildiyini bildirib, Bakı şəhərinin hazırda EXPO 2025 keçirilməsi namizədləri sırasında olduğu deyilib. Bundan əlavə o, ölkədə turist infrastrukturunun sürətlə inkişaf etdiyi, həmçinin 2017-ci ilin əvvəlindən fəaliyyətə başlamış ASAN Viza sistemindən danışıb.
Ölkəmiz barədə məlumatı böyük maraqla qarşılayan tələbələrin çoxsaylı suallarını cavablandıraraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətləri, ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlar, Azərbaycanda xarici tələbələrin təhsil almaq imkanları, Azərbaycanda yəhudi icması və s. barədə qonaqlara geniş məlumat verilib. Ölkəmiz barədə videomateriallar nümayiş etdirilib, müxtəlif broşürlar paylanılıb. Bundan sonra qonaqlar ənənəvi çay süfrəsinə dəvət edilib, onlara milli şirniyyatlarımız təqdim edilib.