“Miqrasiya Məktəbi – 3” layihəsinə start verilir
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (DMX) “Miqrasiya Məktəbi – 3” layihəsinə başlayır və bununla əlaqədar müsabiqə elan edir.
DMX-dən Aktor.Az-a verilən məlumata görə, Miqrasiya Məktəbində iştirak üçün ali təhsil müəssisələrinin hüquqşünaslıq, politologiya, beynəlxalq münasibətlər, regionşünaslıq, şərqşünaslıq, dövlət idarəçiliyi və sosiologiya ixtisasları üzrə yuxarı kurslarında təhsil alan və ya ali təhsilini yeni bitirmiş gənclər dəvət olunurlar.
Məktəb barədə ətraflı məlumatı konsepsiya sənədindən əldə etmək mümkündür.
İştirakçılar proqram çərçivəsində miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri barədə məlumat almaq, Azərbaycanda miqrasiyanın idarəolunması mexanizmi və hüquqi çərçivə ilə bağlı nəzəri və praktiki biliklər əldə etmək, eləcə də Xidmətin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı qazanacaqlar.
Şərtlərə uyğun gələn, təlim proqramında iştirak etmək arzusu olan şəxslər CV və qeydiyyat forması təqdim etməlidirlər.
İlkin seçimdən keçmiş şəxslər müsahibə üçün dəvət olunacaqlar.
Proqramda iştirak üçün sənədlər bu il dekabrın 19-dək elektron poçt (migrationschool@migration.gov.az) vasitəsilə qəbul olunur.