Xəbər xətti

İctimai Birlik  Qarabağ müharibəsi şəhidlərinə həsr edilmiş kitabça çap edir

“20 Yanvar”  İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qəhrəmanlarımız qürur mənbəyimizdir” adlı kitabçanın nəşr etdirilməsi layihəsini həyata keçirməkdədir. Layihə çərçivəsində hazırlanıb çap olunan “Qəhrəmanlarımız qürur mənbəyimizdir” adlı kitabça “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Qarabağ şəhidləri Aqşin Əli oğlu Həsənov və Şaiq Tahir oğlu Kəlbiyevin unudulmaz xatirəsinə həsr edilib.

Qeyd edək ki, anasına “bu faciədən sonra başqasını bilmirəm, mən evdə otura bilmərəm,oxumaq hər vaxt var,vətən əldən gedir” deyib təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanan Qarabağ şəhidi Aqşin Əli oğlu Həsənov günlərin birində növbəti kəşfiyyat tapşırığnı yerinə yetirməkdən ötrü səkkiz döyüşçü yoldaşı ilə yola çıxır. Bir yaz səhəri 1997-ci il aprelin 7-də hərbi əməliyatı yerinə yetirib geri dönərkən mühasirəyə düşür. Üç gün üç gecə döyüş yoldaşları ilə son patronlarına qədər döyüşüb, bütün döyüş taktikasından istifadə etsələr də, mühasirədən qurtula bilmirlər. Öncədən qərarlaşdırdıqları kimi, mənfur erməni ordusuna əsir düşməmək üçün son çıxış yolu özlərini partladırlar. Bir-birindən yaraşıqlı, igid cüssəli, içindəki vətən sevgisini doya-doya yaşamayan bu qəhrəman oğullarımız bir an icində qara torpaqdan özlərinə kəfən biçirlər.

Şaiq Tahir oğlu Kəlbiyev 12 iyun 1993-cü il saat 10-13 radələrində Ağdam rayonu Mərzli kəndi uğrunda gedən döyüşdə 258 nömrəli PDM-2 markalı zirehli texnika heyətində döyüşə girən Şaiq, bu döyüşdə düşmənin 1(bir) tankını 1(bir) PDM-ni vurmuş və canlı qüvvə ilə birlikdə 1(bir) kamaz avtomaşınını məhv etmişdir. Elə həmin döyüşdə Şaiq onunla bir heyətdə olan Mütəlimov Asəflə birlikdə düşmənin 1(bir) PDM-i bort nömrəsi 328 üstündə quraşdırılmış iri çaplı KPVT markalı pulemiyot və 2(iki) tank əleyhinə “Molyutka” markalı raketlə birlikdə işçi vəziyyətdə qənimət kimi ələ keçirmişlər. Həmin döyüşdə artileriya atəşində Şaiq ağır yaralanmış və qəhrəmancasına həlak olmuşdur. 24 iyun 2003-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti Ulu Öndər Heydər Əliyev tərəfindən döyüşdə göstərdiyi şücaətlərə görə şəhid   Kəlbiyev Şaiq Tahir oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Biləsuvar rayon icra hakimiyyəti başçısının 25.03.2014-cü il sərəncamı ilə Kəlbiyev Şaiq Tahir oğlunun adının əbədiləşməsi üçün adına küçə verilmişdir.