Korrupsiya ilə mübarizə və maraqların toqquşması mövzusunda təlim keçirilib
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, sosial fəlsəfə üzrə fəlsəfə
doktoru Azər Allahverənov Xidmətin əməkdaşları üçün “Miqrasiya orqanlarının fəaliyyətində
şəffaflığın qorunması, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması”
mövzusunda təlim keçirib.
Distant qaydada keçirilən təlimdə korrupsiyanın qarşısının alınması, maddi və qeyri-maddi
nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi, maraqlar
toqquşmasının qarşısının alınması və bu sahədə mövcud olan digər etik davranış qaydaları
barədə danışılıb, həmin məsələlərə əlaqədar milli qanunvericilikdə yer alan müddəalara diqqət
yetirilib. Bildirilib ki, bu gün Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin
prioritetini təşkil edir. Bunun nəticəsidir ki, hazırda ölkədə bu sahədə daha ciddi tədbirlər həyata
keçirilir, sərt qərarlar qəbul olunur. Qeyd edilib ki, son illər ərzində bu sahədə çox ciddi və
müsbət nəticələrin əldə olunması faktı həm vətəndaşların Azərbaycan Hökumətinə, onun siyasi
rəhbərliyinə olan rəğbətinin və etimadının artmasını göstərən sorğularda, həm də nüfuzlu
beynəlxalq təşkilatların Azərbaycanla bağlı hazırladıqları hesabatlarda əks olunub.
Təlim iştirakçılarının diqqətinə çatdırılıb ki, bu sahədə aparılan müşahidələr və təhlillər
ölkə ərazisində korrupsiya ilə mübarizənin qanunvericilik, institusional və əməliyyat
müstəvilərində həyata keçirildiyini göstərir. Qanunvericilik bazasının inkişaf etdirilməsi və
təkmilləşdirilməsi, xüsusilə də bir sıra vacib normativ aktların qəbul olunması, Azərbaycan
Respublikasının mühüm beynəlxalq sənədlərə qoşulması qanunvericilik müstəvisində icra
olunan fəaliyyətlərdir. Belə ki, 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun,
Korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illəri əhatə edən Dövlət Proqramı qəbul
olunması, 2007-ci ildə Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli
Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiq
edilməsi, 2008-ci ildə “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin
gücləndirilməsinə dair tədbirlər haqqında” Fərmanın imzalanması qanunvericilik müstəvisində
həyata keçirilən fəaliyyətlərdir. Qeyd olunan dövrlərdə korrupsiyaya qarşı mübarizə üzrə
ixtisaslaşmış qurumların, xüsusilə də Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş
prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yaradılması institusional müstəvidə
icra olunan və, ümumilikdə, dövlətin bu sahədə strateji kursunu müəyyən edən mühüm addım
olub. Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizədə qabaqcıl ölkələrin iş təcrübəsi
mütəmadi olaraq öyrənməsi, Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti
haqqında”, “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” və Birləşmiş Millətlər
Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” konvensiyalarına, həmçinin
“Korrupsiyaya qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyası”na qoşulması bu sahədə həm
qanunvericilik, həm institusional, həm də əməliyyat müstəvisində icra edilən fəaliyyətlərin daha
təkmil şəkildə qurulmasına xidmət edib.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Dövlət Miqrasiya Xidmətinin Azərbaycan
Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranışı Qaydaları Xidmətin
nüfuzunun və fəaliyyətinin şəffaflığının artırılmasını, bu orqanlarda korrupsiya hallarının və
işçinin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınmasını təmin edir. Təlimdə
Xidmət tərəfindən bu sahədə əldə olunan nəticələr, həmçinin miqrasiya orqanı əməkdaşı
tərəfindən əcnəbilərə layiqli xidmətin göstərilməsi və vətəndaş məmnuniyyətinin təmin
olunması ilə bağlı praktiki misallar təhlil edilib.
Tədbirin sonunda gələcəkdə miqrasiya orqanlarında qulluq keçən işçilər üçün bu kimi
maarifləndirici tədbirlərin Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura tərəfindən daha geniş
formatda keçirilməsinin nəzərdə tutulduğu qeyd olunub.