“Dünən Adili yuxumda gördüm, ağlayaraq evimdəyəm dedi” — VİDEO
Hər kəs onu sosial şəbəkələrdə həyat yoldaşının tabutunu daşıdığı görüntülərlə tanıdı…
Söhbət Nargüldən gedir – Şəhid baş leytenant Adil İbrahimlinin Narini…
13 yaşından bir-birilərini seviblər, iki dəfə nişanlı olsalar da, ayrılıblar. Amma yenə də nə Nargül Adildən, nə də Adil Nargüldən əl çəkib.
Üç ildir ki, evli idilər, amma nə ad günlərində, nə evlilik ildönümlərində yan-yana gəlmək qismət olub. Bundan sonra da olmayacaq…
Şuşa uğrunda döyüşlərdə həlak olan Adildən geriyə iki xatirə – oğlu Əbülfəz və qızı Aidə qalıb. Əbülfəzin iki yaşı var. Aidə isə 6 aylıqdır. Adil qızını cəmi iki dəfə görüb…
Nargülün pərişanlığı bununla bitmir. O, həyat yoldaşından öncə qardaşı, Xüsusi Təyinatlı Qoşunların leytenantı Qəmbərli Eltonu torpağa tapşırıb.
Ailənin faciəsi sosial şəbəkələrdə yazıldığı kimi iki nəfərlə də yekunlaşmır. Üçüncü şəhid XTQ-nin giziri İbrahim Sadıqlıdır. Onların hərbçi olmasının səbəbkarı isə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin şöbə rəisi, polkovnik Elman İbrahimovdur. Hər üç şəhid də Elman İbrahimovun izindən gedib.
Adilin əmisi, İbrahim və Eltonun bibisi oğlu olan Elman İbrahimov onlarla fəxr etdiyini, Adilin oğlunu da gələcəkdə hərbçi kimi görmək istədiyini deyir.
Adilin anası qürurlu olsa da, danışmır. Köksündəki övlad yanğısı yəqin ki, heç sönməyəcək. Hər üç şəhiddən geriyə qalan xoş xatirələr, fotolar və qəhrəmanlıqlarıdır.
Ailələrin bu köhnə, sınıq-salxaq evlərdə kədəri isə həmişə təp-təzə qalacaq…
Onların “MediaPost” TV-yə müsahibəsini təqdim edirik: