Şuranın dəstəyilə icra olunan layihənin yekunları müzakirə edilib – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” ictimai birliyi tərəfindən icra olunan “Pandemiya şəraitində ölkə ərazisində qalan əcnəbilərə hüquqi yardımların göstərilməsi” layihəsinin nəticələrinə dair yekun tədbir keçirilib. Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın təşkilatçılığı ilə təşkil edilən tədbirdə dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, hüquqşünaslar, xarici ölkələrdə fəaliyyət göstərən ekspertlər, əməkçi miqrantların çalışdıqları kommersiya qurumlarının məsul şəxsləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Azər Allahverənov bildirib ki, koronavirus pandemiyasının yayılması cəmiyyətin bütün sahələrinə bu və ya digər dərəcədə təsir göstərib və əksər hallarda bu təsir mənfi səciyyə daşıyıb. Miqrasiya sahəsi də həmin sahələrdən biridir. Şura sədri bildirib ki, Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət minlərlə əcnəbinin ölkə ərazisində məcburən qalması və bu səbəbdən həmin şəxslərin müxtəlif sahələrdə büruzə verən çətinliklərlə üzləşməsi ilə nəticələnib. Bu baxımdan əcnəbilərə hüquqi məsləhətlərin vaxtında verilməsi və həmin müstəvidə zəruri dəstəyin göstərilməsi onların qarşısına çıxan problemlərin həllinə səbəb olur.
Layihə çərçivəsində əcnəbilərə göstərilən hüquqi yardımlar barədə məlumat verən “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” ictimai birliyinin təsisçisi, layihə rəhbəri Kəmalə Məmmədova qeyd edib ki, cari ilin avqust-noyabr ayında icra olunan layihə fəaliyyətləri arasında xüsusi yer diqqət fərdi hüquqi məsləhətlərin verilməsinə və ictimai məlumatlandırma işlərinin yerinə yetirilməsinə məxsusdur. Layihə icra olunan zaman onlarla əcnəbiyə ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün tələb zəruri müraciətlərin təqdim edilməsi, Dövlət Miqrasiya Xidmətinin elektron resurslarından istifadə qaydaları, əməkçi miqrantların əmək hüquqlarının təmin edilməsi, vətəndaşlığın əldə olunması və digər məsələlərlə bağlı faydalı məlumat verilib, zərurət yarandığı təqdirdə onlara hüquqi dəstəklər göstərilib.
Əcnəbilərə hüquqi yardımların göstərilməsi məsələsində qeyri-hökumət təşkilatlarının rolunun yüksək olduğunu bildirən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi rəisinin müavini Kəyan Hacıyev xüsusilə vurğulayıb ki, bu istiqamətdə maarifləndirmə işlərinin intensiv qaydada aparılması əcnəbilərin hüquq və mənafelərinin effektiv təmin olunmasına xidmət edir. Bununla yanaşı xüsusilə qeyd olunub ki, əcnəbilərin hüquqlarının müdafiəsi baxımında digər bir vacib məqam onların kompakt çalışdıqları müəssisələrdə həmkarlar ittifaqlarının yaradılması ilə bağlıdır. Gələcəkdə bu məsələyə də lazımi diqqətin yetirilməsinə ehtiyacın olduğu qeyd edilib.
“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov əcnəbilərin onların hüquqları ilə bağlı gərəkli informasiya mənbələrinə çıxışlarının təmin olunmasının vacibliyi barədə danışıb və bildirib ki, miqrant qruplarından olan şəxslərə ötürülən məlumat toplumu həm də Azərbaycanın milli maraqlarına cavab verən elementləri ehtiva etməlidir. Tədbir iştirakçılarının diqqətini praktiki məsələlərə çəkən sədr müavini müzakirəyə ehtiyacı olan bir sıra təkliflər irəli sürüb.
Layinə nəticələrini yüksək dəyərləndirən “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova və digər iştirakçılar qeyd ediblər ki, mövzu olduqca maraqlıdır və pandemiya ilə bağlı proseslərin hazırkı gedişatı əcnəbilərə hüquqi yardımların göstərilməsi, bu mövzuda onların maarifləndirilməsi və digər əlaqəli məsələlər növbəti ildə də aktual olacağını göstərir. Vurğulanan yekdil fikir ondan ibarət olub ki, istər layihənin icra qrupu, istərsə də tədbirdə iştirak edən vətəndaş cəmiyyəti institutlarının nümayəndələri növbəti il üçün tədbirlər planını tərtib edərkən bu mövzuya da aid edilən fəaliyyətlərə xüsusi yer ayırmalıdırlar.