ManşetSiyasətXəbər xətti

Hər kəs “Qarabağ Azərbaycandır” dedi – Millət vəkili

Azərbaycanın əlverişli coğrafi şəraitdə yerləşməsi, zəngin flora və faunası hələ qədim dövrlərdən bu ərazinin geniş yaşayış məskəninə çevrilməsinə səbəb olub. Dünyada dini ayrı-seçkiliyin gücləndiyi və dini zəmində qarşıdurmaların artdığı bir dövrdə tolerantlıq Azərbaycanda dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Müasir dövrdə də Azərbaycanda həyata keçirilən siyasət dövlətin multikulturalizm və tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir ki, 44 günlük İkinci Vətən müharibəsində Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələri ölkəmizdə gedən müharibə dövründə vəhdət nümayiş etdirdilər, Vətən uğrunda, ölkə Prezidentinim deyimi ilə bir yumruq kimi birləşdi.Bunu Trend-ə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, dilindən, dinindən asılı olmayaraq hər kəsin əlində Azərbaycan bayrağı dalğalandı, dilində “Qarabağ Azərbaycandır” şüarı səsləndi. Bu günlər ərzində hər kəs bir amal, bir məqsəd-torpaqlarımızın işğaldan azad edilməsi uğrunda, Vətən Müharibəsində səfərbər oldu. Müxtəlif xalqların və dinlərin mənsubu olan azərbaycanlılar milli birlik olaraq, qanları, canları bahasına düşmən tapdağı altında qalan torpaqlarımızı azad etdilər, Böyük Zəfəri, Qələbəni xalqımıza bəxş etdilər. Bu da ölkəmizdə əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşamasının bariz nəticəsidir.
Dünyada mədəniyyətlərarası və sivilizasiyalar arası körpü rolunu oynayan, tolerantlıq nümunəsi kimi tanınan Azərbaycanda bütün milli azlıqların hüquqlarına, bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşılır. Multikulturalizm və tolerantlıq demək olar ki, ölkəmizdə alternativi olmayan həyat tərzinə çevrilib. Ölkəmizdə hər il Bakı Humanitar Forumu keçirilir. Mədəniyyətlərarası Dialoq Forumu, dünya dini liderlərinin Zirvə görüşləri kimi mühüm tədbirlərə Azərbaycan illərdir ev sahibliyi edir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kirilin, Roma Papası Fransisk Bakıda olarkən Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm sahəsində görülmüş işlərə yüksək qiymət vermələri, yüksək münasibətləri bütün ölkələr üçün nümunə olub.

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı Ağdam məscidinin qarşısında çıxışında da Azərbaycanda olan tolerantlıq, dini dözümlülük, mədəniyyət abidələrinə, dini məbədlərə olan yüksək münasibətə toxunub, bir çox məqamlara aydınlıq gətirib: “Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir”.

Prezident İlham Əliyevin Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlaması, dağıdılıb viran qoyulan məscidə müsəlman qaydalarına tam əməl edərək daxil olması, dövlətimizin başçısının üçrəngli bayrağımıza ehtiramı, dərin məzmunlu nitqindəki mühüm məqamlar Azərbaycandakı multikulturalizm və tolerantlıq prinsiplərinə şübhə ilə yanaşanlara xüsusi mesajlar verdi. Ölkə Prezidentinin özünün də qeyd etdiyi kimi, kimsə Azərbaycana bu məsələlərlə bağlı irad tuta bilməz.

Dini inancların fərqli olduğu, yayıldığı məkanlarda müxtəlif etnosların sülh içində yaşaması ən böyük multikultural ənənədir. Ölkəmizdə Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, rutullar, udilər, assiryalılar və qrızlar bu tarixi ənənəni qoruyur və hər zaman qoruyacaqlaq. Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələrinin Vətən müharibəsində vəhdət nümayiş etdirmələri, doğma Azərbaycan naminə birlik olmaları ölkəmizdəki multikulturalizm və tolerantlıq prinsiplərinə görə narahatlıq keçirənlərə açıq-aydın cavabdır.