Dövlət İdarəçilik Akademiyasında beynəlxalq elmi-praktik konfrans keçirilib
Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında II Qarabağ savaşında Azərbaycanın qələbəsinə həsr olunmuş “Terrorizm bəşəriyyətə qarşı təhdiddir” mövzusunda onlayn beynəlxalq elmi konfrans keçirilib.
Beynəlxalq elmi konfransda “Qlobal çağırışlar şəraitində yeni idarəçilik texnologiyaları: Azərbaycan Respublikasının uğurlu təcrübəsi” mövzusunda məruzə ilə çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, müstəqilliyinin bərpasından keçən 29 il ərzində Azərbaycan Respublikası uğurla inkişaf etmiş və tarixi baxımdan çox qısa zaman kəsiyində ölkə bütün sahələrində böyük uğurlar qazanmışdır.
Akademik U.Ələkbərov ölkəmizin inklüziv inkişaf sahəsində də dünyada yüksək mövqe qazandığını xatırladıb. Onun sözlərinə görə, “Azərbaycanın inklüziv inkişaf indeksləri ABŞ, Yaponiya, İtaliya, İsrail, İspaniya, Portuqaliya, Türkiyə, Rusiya və başqa ölkələrin göstəricilərini üstələyir. Bu nailiyyət Azərbaycan Respublikasında iqtisadi, sosial və humanitar siyasətin ümumi inkişaf strategiyasının vacib istiqaməti olmasından xəbər verir. Son 15 ildə ölkədə adambaşına düşən gəlirlərin artması, iqtisadi dirçəlişə nail olunması dövlət səviyyəsində elm, təhsil və səhiyyənin inkişafı üçün geniş şərait yaradıb. Təhlillər göstərir ki, Azərbaycan Respublikasında qazanılan uğurların əsasında ölkə Prezidenti İlham Əliyev tərəfindən işlənilmiş, nəzəri əsasları və tətbiq üsulları yeni olan idarəetmə texnologiyaları kompleksi dayanır.
Akademik U.Ələkbərov qazanılan uğurların əsasında Prezident İlham Əliyevin dərin düşünülmüş innovativ inkişaf siyasətinin dayandığını vurğulayıb. Rektor, eyni zamanda, diqqətə çatdırıb ki, ölkədə bütün istiqamətlərdə nailiyyətlərin qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın önəmli rolu var. Akademik vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən işlənmiş unikal innovativ sinergetik, komplimentar və kompensasion texnologiyalar kompleksinin tətbiqi ölkənin hərtərəfli inkişafı və əhalinin rifahının yüksəlməsi üçün iqtisadi imkanlardan səmərəli istifadəni təmin edib.
Vətən müharibəsində qazanılan şanlı zəfərin də ölkənin uğurlu inkişafının məntiqi nəticəsi olduğuna diqqət çəkən rektor, ötən 44 günü Azərbaycan dövlətçiliyi tarixinə qızıl hərflərlə yazılacaq xüsusi mərhələ kimi dəyərləndirib. Bildirilib ki, həmin günlər “Qarabağ Azərbaycandır!” şüarı ilə müşaiyət olunan xalq-dövlət, xalq-hakimiyyət birliyinin, hakimiyyət və xalq arasında qarşılıqlı inam və etimadın təzahürü idi. Akademik U.Ələkbərov Azərbaycana bu möhtəşəm qələbəni Ali Baş Komandanın müdrik qərarları, müzəffər ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyinin qazandırdığını qeyd edib.
II Qarabağ savaşında Azərbaycanın qələbəsinə həsr olunmuş “Terrorizm bəşəriyyətə qarşı təhdiddir” mövzusunda onlayn beynəlxalq elmi-praktik konfransda Türkiyə Atatürk universitetinin Tarix şöbəsinin professoru İbrahim Ethem Atnur “İkinci Qarabağ savaşının sonuclanmasında Naxçıvanla əlaqənin bərpası məsələsi”, Gürcüstanın Suxumi universitetinin professoru, tarixçi alim Quram Marxuliya “Erməni terror təşkilatlarının yaranması səbəbləri və məqsədləri”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov “Ermənistanın dövlət terrorizmi siyasəti: erməni lobbisi və ikili standartlar”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix”kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova “Erməni strategiyası: separatizm və terrorizmə gedən yol”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Politologiya və siyasi idarəetmə”kafedrasının müəllimi, politoloq Zaur Məmmədov “ Erməni terrorizminin politoloji aspektləri” adlı məruzə ilə çıxış ediblər.