Miqrasiya orqanları işçiləri üçün təlim keçirilib
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Azər Allahverənov Xidmətin bir qrup əməkdaşı üçün “Miqrasiya orqanları işçilərinin etik davranış qaydaları” mövzusunda təlim keçirib.
Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə keçirilən təlim zamanı milli qanunvericilikdə etik davranış qaydalarına dair mövcud müddəalara nəzər salınıb, miqrasiya orqanı əməkdaşı tərəfindən əcnəbilərə layiqli xidmət və vətəndaş məmnuniyyəti ilə bağlı tələblərə diqqət yetirilib, praktiki misallar əsasında bu müstəvilərdə yarana biləcək vəziyyətlərin təhlili aparılıb. Qeyd olunub ki, etik davranış qaydalarına dönmədən əməl olunması olduqca vacibdir ən azından o səbəbdən ki, əcnəbilərlə daima təmasda olan miqrasiya orqanı işçisi ilk əvvəl təmsil etdiyi qurumun nüfuzunun artırılması, miqrant qruplarına aid edilən şəxslərin Dövlət Miqrasiya Xidmətinə və bu müstəvidə xidmət göstərən əməkdaşlarına olan etimadın yüksəldilməsi barədə düşünməlidir. Tədbir iştirakçılarına vicdanlı və mədəni davranışın sərgilənməsi, loyallıq və qərəzsizlik nümayiş olunması, peşəkarlıq və fərdi məsuliyyətin artırılması, ictimai etimadın qazanılması, müraciət edən əcnəbilərin hüquq və azadlıqlarına, şərəf və ləyaqətinə hörmətin bəslənilməsi, onların qanuni maraqlarının təmin olunması və digər məsələlərdə etik davranış qaydalarına uyğun davranma ilə bağlı praktiki məlumat verilib.
Təlim zamanı həm də miqrasiya orqanı əməkdaşlarının qulluq etikasının normalarına riayət etmələri ilə bağlı cari vəziyyət nəzərdən keçirilib və bu istiqamətdə mövcud prinsipləri özündə ehtiva edən tövsiyələr verilib. Xüsusilə bildirilib ki, hazırda Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura ictimai iştirakçılıqla bağlı mövcud qanunvericiliyin verdiyi imkanlar daxilində miqrasiya orqanları işçilərinin etik davranış məsələsini diqqət mərkəzində saxlayır və bu məsələ ilə bağlı Şuraya daxil olan bütün müraciətləri əsaslı şəkildə nəzərdən keçirir və təhlil edir.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura etik davranış qaydalarına dair maarifləndirmə tədbirlərinin davamlı əsaslarla keçirilməsini planlaşdırır və bu müstəvidə gələcək əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqlıdır.