Xəbər xətti

Şuranın dəstəyilə monitorinqlər həyata keçirilib

“İnkişafa Doğru Qadın Təşəbbüsü”  İctimai Birliyi AR-nın Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə icra etdiyi “İctimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi vasitəsilə yoluxucu xəstəliklərlə mübarizə təşəbbüslərinin gücləndirilməsi” layihəsinin ikinci mərhələsini başa çatdırıb.

Bu barədə təşkilatın sədri, layihə rəhbəri Ziba Nəbiyeva Aktor.Az-a məlumat verib.

Layihənin cari mərhələsi bir neçə komponenti özündə ehtiva edib. İlk növbədə “2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”nın 6.1-ci və 6.2-ci bəndlərinin icra vəziyyəti barədə monitorinq hesabatı hazırlanıb. Monitorinq sahələri qan xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və qanın və qan komponentlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyətləri əhatə edib. Tədbirlər Proqramının həyata keçirilməsi üzrə qeyd olunan fəaliyyətlərin icrası “qismən icra olunmuş” kimi dəyərləndirilib.

Layihənin növbəti komponenti isə (COVID-19) infeksiyasına yoluxmuş şəxslərə göstərilən ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardım xidmətlərinin təşkili istiqamətində tətbiq olunan yeniliklərin media monitorinqi və sahə poliklinikasında koronavirusun profilaktikası məqsədilə infeksiya törədicisinin ötürülmə mexanizminə yönəldilmiş metodiki göstərişlərin yerlərdə icra vəziyyətinin qiymətləndirilməsi barədə olub.

Media monitorinqin nəticələri onu deməyə əsas verib ki, sahə poliklinikalarının COVİD-19-la mübarizəyə cəlb edilməsi, təcili yardım və poliklinikaların səmərəli iş birliyi TYS-nın iş yükünü xeyli yüngülləşdirmiş, əhaliyə göstərilən xidmətin keyfiyyətinə müsbət təsir etmiş, koronavirusla mübarizədə daha effektiv nəticələrin əldə olunmasına səbəb olmuşdur.

Koronavirusun profilaktikasına dair tədbirlərin 16 saylı Bakı şəhər poliklinikasında icra vəziyyətinin monitorinqi bir neçə gün ərzində ictimai müşahidə üsulu ilə aparılmışdı. Nəticələr poliklinikanın rəhbərliyi ilə müzakirə edilməklə yanaşı ictimai müşahidənin detalları və tövsiyələr rəsmi şəkildə onlara təqdim olunmuşdu. COVİD-19 infeksiyasının profilaktikasına dair ümumi göstərişlərin yerlərdə icrasının təmin edilməsi üçün maksimum səylər göstərilməsi vurğulanmış və icra vəziyyəti “qismən icra olunmuş” kimi qiymətləndirilmişdir.

Sonda “İnkişafa Doğru Qadın Təşəbbüsü”  İctimai Birliyi tərəfindən koronavirusun profilaktikasına dair tədbirlərə dəstək olaraq 150 ədəd tibbi maska, 4 litr spirt, 34 ədəd bərk və maye sabun, 250 ədəd  viral hepatit və COVİD-19-la mübarizəyə dair maarifləndirici çap materialları poliklinikaya töhfə olunub.

Qeyd edək ki, monitorinqlərin nəticələri və təkliflər paketi aidiyyəti dövlət qurumlarına da göndəriləcək.