“Prezidentin BMT-dəki çıxışı mükəmməl yol xəritəsidir” – Azay Quliyev
Cənab Prezidentin Ermənistanın Tovuz təxribatından dərhal sonra Minsk qrupunun məlum həmsədr ölkəsi tərəfindən silahlandırılması faktını açıq şəkildə qeyd etməsi və bunu BMT tribunasından qətiyyətlə pisləməsi xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycana qarşı yönələn cinayətlərlə yanaşı Prezident İlham Əliyev, həmçinin Ermənistanda geniş vüsət almaqda olan siyasi repressiyalar və bu ölkədə faktiki olaraq diktatura rejiminin qurulmasını da tutarlı faktlarla təsvir edib.
Hesab edirəm ki, cənab Prezidentin bu çıxışı tarixi olmaqla yanaşı, həm də hər birimiz üçün mükəmməl yol xəritəsidir. Adıçəkilən çıxışda yer almış bütün tezislər Ermənistanın yürütdüyü siyasətin real mahiyyətinin hərtərəfli ifşası baxımından hamı, xüsusilə diplomatlar, parlamentlərarası dostluq qruplarının üzvləri, beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətlərinin üzvləri, QHT-lər, jurnalistlər, siyasi ekspertlər və şərhçilər tərəfindən effektiv istifadə edilməlidir.
Mən hamıya cənab Prezidentin BMT-dəki çıxışı ilə yaxından tanış olmağı tövsiyə edərdim.
Azay Quliyev,
Milli Məclisin deputatı