Ölkə Prezidenti qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı – Millət vəkili
Bu gün dünya birliyində güclü mövqeyə sahib bir ölkəyə çevrilən Azərbaycan böyük məqsədlərə doğru inamla irəliləyir.
Bunu Trend-ə Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan öz yolunu, inkişaf xəttini müəyyən edən bir ölkə kimi Prezident İlham Əliyevin milli maraqlara söykənən balanslaşdırılmış praqmatik siyasəti sayəsində özünün müasir və müstəqil dövlətçilik tarixinə möhtəşəm nailiyyətlər yazdırıb.
Qürurverici məqam isə ondan ibarətdir ki, əldə olunan uğurlar, qazanılan nailiyyətlər hələ də davam edən Ermənistanın ölkəmizə hərbi təcavüzü şəraitində nail olub. Hazırda işğalçı Ermənistan beynəlxalq hüquq normalarına qarşı olduğunu nümayişkaranə şəkildə meydana qoyaraq, təcavüzkar siyasətini davam etdirir. Cənubi Qafqazda ciddi təhdidlər yaradan işğalçı Ermənistanın qanuna zidd əməlləri ilə bağlı BMT-nin qərarlarının həyata keçməməsi, beynəlxalq qurumların müvafiq addımlar atmaması vəziyyəti daha da kəskinləşdirir, təhlükənin miqyasını artırır.
Dünyada baş verən münaqişələr, ziddiyyətli proseslər, qarşıdurmalar şəraitində hər zaman beynəlxalq hüquqa sadiq qalan Azərbaycan Ermənistanla olan problemin danışıqlar yolu ilə həllini istəyir. BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli iclasında ölkə Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb: “Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”.
Eyni zamanda ölkə Başçımız 1 milyondan çox soydaşımızı öz el-obasından didərgin salan, içgəncələrə məruz qoyan Ermənistana, işğalçı ölkənin havadarlarına mesaj verdi ki, Azərbaycan bundan sonra da qətiyyətli mövqeyindən geri çəkilməyəcək, beynəlxalq hüququn yaratdığı bütün imkanlardan istifadə edərək ərazi bütövlüyümüzün bərpasına nail olacaq.
182 ölkənin dövlət və hökumət başçısının qatıldığı Yüksək Səviyyəli İclasında Qoşulmama Hərəkatının sədri, həm də Azərbaycanın dövlət başçısı kimi çıxış edən Prezident İlham Əliyev Azərbaycanın danışıqlar prosesində həmişə ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirdiyini qeyd edib.
Azərbaycan Respublikasının Prezident İlham Əliyev münaqişənin həlli istiqamətində dəyişməz mövqeyini xarici ölkələrə səfərlərində, eləcə də ölkəmizə rəsmi səfərlərə gələn dövlət başçılarının, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin diqqətinə dəfələrlə çatdırıb, bütün təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.
Dağlıq Qarabağ münaqişəsinin məhz beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həllinin tərəfdarı kimi çıxış edən Azərbaycan Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirən təcavüzkar ritorika və təxribatlara münasibətini qətiyyətlə ortaya qoyur, işğal faktı ilə barışmayacağını hər zaman bəyan edir.