Azərbaycan qısa müddətdə beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirib – Deputat
“Bildiyimiz kimi, sentyabrın 21-i BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib. İclasda çıxış edən ölkə başçısı İlham Əliyev həm Qoşulmama hərəkatının sədri kimi, həm də Azərbaycan Respublikasının Prezidenti kimi Azərbaycanı layiqincə təmsil edib. Prezidentin videokonfransdakı nitqi bir daha göstərdi ki, Azərbaycan xalqı və dövləti azad, demokratik, hüquqi cəmiyyət quruculuğu yolu ilə irəliləyərək bütün dövlətlər və xalqlar ilə sülh, dostluq və əməkdaşlıq şəraitində yaşamaq, dünya birliyi ilə sıx inteqrasiyada olduğunu bəyan etmişdir və bu yola sadiqdir. Bu mənada Azərbaycan Respublikası dünyanın ən mötəbər və nüfuzlu beynəlxalq təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığa müstəsna əhəmiyyət verir və müstəqillik qazandığı ilk gündən ölkəmiz ilə BMT arasında əlaqələrin yaranması, daim inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün hər cür səylər göstərir”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
M.Cəfərov bildirib ki, dünyanın ən mötəbər və nüfuzlu təşkilatları ilə çoxtərəfli əməkdaşlıq edən Azərbaycan nisbətən qısa müddətdə beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirib, istər üzv dövlətlər, istərsə də təşkilatın özü ilə sıx əlaqələr yaradıb: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında real vəziyyət və nizamasalma prosesində Azərbaycan Respublikasının sülhsevər mövqeyi, daxili və xarici siyasəti barədə dünya birliyinə geniş və hərtərəfli məlumat verilməsini özünün başlıca vəzifəsi hesab edən Azərbaycan hökuməti ölkəmizin BMT-yə üzvlüyünün ilk günlərindən onun əsas strukturlarında bu istiqamətdə fəal iş aparmağa başlayıb. BMT Baş məclisinin 51-ci sessiyasında “BMT və ATƏT arasında əməkdaşlıq haqqında” qətnamənin müzakirəsi zamanı Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu göstərən ifadənin qətnamə mətninə daxil edilməsinə mane olmaq üçün Ermənistanın hər cür səylərinə baxmayaraq iştirakçı dövlətlər Azərbaycanın xeyrinə səs vermiş, Ermənistanın mövqeyini isə heç bir ölkə dəstəkləməyib. Azərbaycan Respublikası Prezidentinin istər respublikamızda səfərdə olan, istərsə də xarici ölkələrdə keçirilən müxtəlif tədbirlər zamanı BMT təmsilçiləri ilə bir qayda olaraq keçirdiyi görüşlərdə Azərbaycan-Ermənistan arasındakı münaqişənin həqiqətlərini çatdırıb. Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı xüsusilə qeyd edilməlidir. Bu baxımdan ölkəmiz BMT Təhlükəsizlik Şurasının Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin Komitəyə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi terrorizm haqqında müvafiq faktlar təqdim edib. Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Azərbaycan BMT-nin 21-ci əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün BMT çərçivəsində islahatların aparılması ideyasını dəstəkləyir”.