Xəbər xətti

Qələbənin bir addımlığında

Bütün dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunan 21 sentyabr tarixində də Ermənistan öz işğalçı planlarını həyata keçirmək cəhdlərini davam etdirməklə bir daha təcavüzkar siyasət yürütdüyünü beynəlxalq ictimaiyyətə nümayiş etdirdi. Nəticədə düşmən qüvvələrinin atıcı odlu silahdan açdığı atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlu şəhid olub. Heç şübhəsiz ki, düşmən qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi bu qanlı cinayətin bütün məsuliyyətini Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.

Ötən gecə sərhəddə törədilən təxribat son 30 ildə Ermənistanın Azərbaycana qarşı bitməyən təcavüzünün növbəti mərhələsidir. Bu gün torpaqlarımızın 20 faizi düşmən işğalı altındadır, bir milyona yaxın həmvətənimiz  öz ata-baba yurdlarından didərgin düşüb. Bütün bunlar azmış kimi, gah Ermənistanın Baş Nazirinin həyat yoldaşı Anna Hakobyanın işğal olunmuş Azərbaycan torpaqlarında erməni qadınları üçün hərbi təlim keçirməsi xəbərini alırıq, gah da bir sıra erməni ailələrinin Livandan Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində məskunlaşdırıılması xəbərini eşidirik. İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir. Bu, təxribatdır. Təbii ki, Azərbaycan bu təxribatlar qarşısında susa bilməz.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu barədə düşmənə dəfələrlə xəbərdarlıq edib.  Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına verdiyi müsahibəsi zamanı da bir daha xatırlatdı ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq. “Onlar yeni müharibəyə hazırlaşırlar. Təmas xəttinə yaxın onların qüvvələrinin konsentrasiyası baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə də özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”, – deyə dövlət başçımız bildirib.

Bəli, torpaqlarımızı yalnız müharibə yolu ilə geri almaq mümkündür. Bizim döyüşməkdən başqa yolumuz qalmayıb. Dağlıq Qarabağ əzəli, əbədi Azərbaycan torpaqlarıdır. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək, torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək. Xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədən, mədəni irsimizi öz adlarına çıxarmağa çalışan işğalçı Ermənistan hakimiyyətinin məkrli planı tezliklə puç olacaq, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı bütün kənd və qəsəbələrimiz düşmən tapdağından azad ediləcək. Qarşımızda təkcə Ermənistan olduğu halda narahatçılığa heç bir ehtiyac yoxdur. Qardaş və dost ölkə Türkiyənin bizə dəstək olacağından isə şübhəmiz olmamalıdır.

Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi bu gün çox yüksək səviyyədədir. İşğalçı Ermənistan üçün mühüm çəkindirici faktor rolu oynayan bu müttəfiqliyin növbəti təzahürü özünü ötən ay Naxçıvanda göstərdi. İki qardaş ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə keçirilən birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimi düşmənə əsl göz dağı oldu. Ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusu və xoşməramlı dost ölkələrdir. Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, düşmənin elə bir hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Azərbaycan Ordusu adını dünya miqyasında 50 ən güclü ordu sırasına yazıb. Müdafiə Nazirliyinin həyata keçirdiyi məqsəduönlü fəaliyyəti nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Ermənistanın təcavüzü ilə üzləşmiş Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərtərəfli təchiz olunmuş ordunun formalaşdırılması istiqamətində atılan addımlar son illərdə daha da intensivləşmişdir. Son bir neçə ildə Azərbaycanın dövlət büdcəsindən irihəcmli vəsaitlər məhz ordunun inkişafına, onun təchizatının yüksəlməsinə ayrılır. Təbii ki, bu belə də olmalıdır. Çünki müharibə aparan ölkənin güclü ordusunun olması şərtdir. Ölkə başçısının da dediyi kimi, ordumuz qısa müddətdə işğal altında olan ərazilərimizi erməni terrorçularından təmizləməyə qadirdir. O günə çox az qalıb və biz tezliklə Dağlıq Qarabağda hərbi paradımızı keçirməyə nail olacağıq.on bir neçə ildə  Azərbaycan Ordusu bir-birinin ardınca elə qələbələrə imza atıb ki, artıq Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd- şərtsiz azad etməkdən başqa çıxış yolu qalmır. Bu bir həqiqətdir ki, Azərbaycan Ordusu bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadir bir qüvvədir. Ali Baş Komandanın bir əmri kifayətdir ki, ordumuz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs mübarizəyə başlasın.

 

Polkovnik Rövşən Məhərrəmov,

MN Hərbi polisin sadiq rəisi