HÜCUM DÜŞMƏNİN SƏNİ GÖZLƏDİYİ YOX, GÖZLƏMƏDİYİ AN OLMALIDIR!
İlk dəfədir ki, Azərbaycanda müharibə məsələsinə baxışda hakimiyyətlə xalq arasında bu qədər doğmalıq, mövqe yaxınlığı, həmrəylik duyulur.
Əgər əvvəllər Qarabağın işğaldan azad olunmasının hərbi əməliyyatlar yoluyla gərəkliyi həm ölkə içində, həm də kənardan böyük müqavimətlə qarşılanır, müharibə tərəfdarlarına qəzəblə baxılır və sülh çağırışları daha yüksək kürsülərdən səslənirdisə, indi artıq savaş istəməyənə xain və satqın kimi yanaşılır, şəhidliyin isə bir milləti xilas edəcək və ucaldacaq ən yüksək şərəf mərtəbəsi olduğu dərk edilir!
Xalq da, hakimiyyət də, nəhayət, bütövlükdə anlayır ki, savaşdan başqa bizim, sadəcə, çarəmiz, yolumuz qalmayıb! (Bunun səbəbləri barədə “Son çarə – müharibə: ona qadın gözüylə baxmaq olmaz!” məqaləmdə geniş toxunmuşam, arzu edənlər, oradan bir də oxuyarlar).
Əlbəttə, işğalçı Ermənistan rəhbərliyi indi yaxşı başa düşür ki, yalnız Rusiyanın Cənubi Qafqazda mövqeyinin güclü olduğu vaxtlarda cəbhə xəttindəki üstünlüyünü hansısa hüquqi sənədə – sülh razılaşmasına çevirə bilər. Rusiya zəiflədikdən, xüsusən də gələn ildən etibarən başı öz daxilindəki problemlərə qarışdıqdan sonra Azərbaycanın hərbi müdaxilə riski xeyli artacaq və danışıqlarda Qarabağ ermənilərinə heç hər hansı status vədi də olmayacaq. Ona görə də aylardır Ermənistan rəhbərliyi Azərbaycanla sərhəd bütün istiqamətlər boyu bizi təxribata çəkir, israrla hərbi əməliyyatlara başlamamızı və Rusiyanın da fakt qarşısında qalıb, bölgədəki maraqları naminə müdaxilə etməsini istəyir.
Prezident İlham Əliyevin son çıxışından isə aydın olur ki, Azərbaycan tərəfi düşmənin bu məkrli niyyətini və potensial hücum hədəflərini, hərəkət istiqamətlərini, güclü-zəif tərəflərini dəqiqliyi ilə bilir, ona uyğun da geniş əks-əməliyyat tədbirləri hazırlayıb. Üstəlik, bu dəfə cavab zərbəsi heç Qarabağ sərhədləriylə də məhdudlaşmayacaq!
Bəli, qələbə istəyirsənsə, hücum anını özün təyin etməli və savaşı da düşmənin öz sərhədləri içərisinə keçirməyi bacarmalısan!
Hələliksə, gəlin, əlimiz tətikdə, sayıqlıqla bu gün Rusiyanın başladığı və əsas maraq zonası sayılan Xəzər dənizindəki qüvvələrini də cəlb etdiyi “Qafqaz -2020” hərbi təlimlərini diqqətlə izləyək!
Elxan Şükürlü