İntihar edən müəllim intim şəkilləri ilə ŞANTAJ OLUNUBMUŞ
Ötən gün Nərimanov rayonu ərazisində intihar edən ibtidai sinif müəllimi Naidə İsayevanın özünə qəsd etməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.
Hövsan qəsəbəsində yaşayan N.İsayeva axşam saat 17:00-dan sonra özünü Nərimanov rayonu ərazisində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsindən yerə ataraq intihar edib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb. Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, Naidə İsayeva əvvəldən tanıdığı şəxs tərəfindən qeyri-etik şəkillərinin internetdə yayılacağı ilə bağlı şantaj olunub. Bununla bağlı Naidə İsayeva dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsə də, şikayətinə baxan olmayıb. İbtidai sinif müəlliminin intihar etməsinə səbəb də məhz bu amil olub.
Onu da qeyd edək ki, əslən Lerik rayonundan olan 27 yaşlı Naidə İsayevanın qardaşı ötən gün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə gələrək xuliqanlıq hərəkətləri edib və binanın şüşələrini sındırıb. Bununla bağlı da rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırmaya başlanılıb. (Unikal.org)