Yenə ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi barədə… – Telman İsa
Bu il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribata əl ataraq Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində artilleriya atəşindən istifadə edərək mövqelərimizi ələ keçirməyə cəhd göstərmələri ermənilərin havadarlarına əminliyinin nəticəsidir. Ancaq 2016-cı ilin aprelində olduğu kimi, bu dəfə də onlar xəbis niyyətlərinə çata bilmədilər.
Heç kimə sirr deyil ki, “inqilab” yolu ilə hakimiyyətə gələn Paşinyan hər nə qədər özünə demokrat imici yaratmağa çalışsa da, onun destruktiv olduğu, hətta ailə üzvlərinin, konkret olaraq onun həyat yoldaşı Annanın son davranışları, hərbi hissələrdə silaha sarılaraq təlim keçməsi və nəticədə müharibə bəyanatları verməsi dediklərimizə əyani sübutdur.Bunlar öz yerində!
Ünvanımız, tənqidlərimiz həm də ATƏT-in Minsk qrupunadı.O qrupa ki, illərdi bölgəyə səfərlər edir, bəyanatlar verir, nəticə isə göz önündədir…Deməli, vətəndaşlarımızın da haqlı olaraq, “həmsdərlər növbəti tursit səfərinə, kabab yeməyə, üstündən də sərin su içməyə gəliblər”, – deyimi lap yerinə düşür!..
Münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu müddət ərzində öz funksiyasını yerinə yetirməsinə gəlincə, qətiyyətlə demək olar ki, bu qurumun fəaliyyəti qeyri-qənaətbəxşdir. Hər dəfə Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə təxribatlar törədəndə, dinc əhalini qətlə yetirəndə, yaşayış məntəqələrinə ciddi ziyan vuranda ATƏT-in Minsk qrupu 20 il bundan əvvəl hazırladığı mənasız söz yığınından ibarət olan bəyanatı yenidən yaymaqla Ermənistanın təxribatına “siyasi qiymət” verir. Bəzi hallarda bu qurumun yaydığı bəyanat baş verən hadisə ilə uyğun gəlmir. Bu da təşkilatın yaydığı bəyanatdan bixəbərliyinin göstəricisidir.
Daha bir məqam ondan ibarətdir ki, Tovuz hadisələrində də göründüyü kimi, Minsk Qrupu həmsədrlərinin fəaliyyəti faktiki olaraq gözə görünmədi. Göründüyü kimi, ATƏT-in Minsk qrupu münaqişənin nizamlanmasına o dərəcədə laqeyd yanaşır ki, bəyanatı təxribat törədilən vaxtdan xeyli keçmiş – 14 sentyabrda vermişdir. Tovuz hadisələri zamanı ATƏT-in Minsk Qrupu həmişəki kimi susdu. Yəqin ki, bu dəfəki iğtişaş onların tətil vaxtlarına düşmüşdü, başları öz istirahətlərinə qarışmışdı. Az öncə qeyd etdiyimiz kimi, onların işi regiona turistik səfər etmək, yemək-içməkdən ibarətdir.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan dövləti ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüzə məruz qalanın adını çəkməyi, o cümlədən, daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Ancaq hər şey bunun əksinə baş verir. Bu qurumun üzvlərinin biri təcavüzkarı silahlandırır. Digərləri isə işğal siyasətinə göz yumur, təxribatlar, atəşkəsin pozulmasına, günahsız insanların qətlə yetirilməsinə, yaşayış məntəqələrinin darmadağın edilməsinə göz yumur.Bu, beynəlxalq münasibətlərin təməl prinsiplərinin, mövcüd hüquq sisteminin ayaqlar altına atılmasıdır, digər mötəbər təşkilatların, BMT-nin də dərhal reaksiya verməsinin vaxtının yetişdiyi gün kimi aydındı.Gözləyək…
Ona görə də sual olunur – görəsən, ATƏT-in Minsk qrupu nə vaxta qədər beynəlxalq hüquq normalarına hörmətsizlik edən, işğalçı siyasətdən əl çəkməyən, günahsız insanları qətlə yetirən təcavüzkar dövlətin yanında olacaq?
Bir vətəndaş kimi, ATƏT-in Minsk qrupunun həmsədrlik institutunun yenilənməsi, bölgə ölkələrindən – məsələn, son zamanlar Yaxın Şərqdə münaqişələrinin qarşısının alınmasında fəalliq gösətərən Türkiyənin daxil edilməsini istəyir, tələb edirəm!
Telman İsa,
Aktor.Az saytının təsisçisi, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini