AzMİU-da memarlıq ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı başladı
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020/2021-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə (I qrup) qabiliyyət imtahanı başlayıb. İmtahanın ilk günündə 55 nəfər abituriyent qeydiyyatdan keçib. Qabiliyyət imtahanına Dövlət İmtahan Mərkəzinin məsul nümayəndələri Səbinə Vəliyeva, Fatimə Məmmədova, Fərəh Aslanova, eləcə də universitetin Memarlıq fakültəsinin müəllimləri nəzarət edir.Bu barədə Universitetdən Aktor.Az-a verilən məlumatda deyilir.
Universitetin İdman zalında təşkil olunan imtahan prosesində tələbələrin təhlükəsizliyi üçün bütün profilaktik tədbirlər görülüb, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin olunması həyata keçirilib. Binaya daxil olan abituriyentlərin əvvəlcə elektron termometrlə bədən hərarətləri ölçülüb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunduqdan sonra maska taxaraq imtahan zalına buraxılıblar. Zalda iştirakçılar sosial məsafə gözlənilməklə 10 nəfərlik qruplar şəklində yerləşiblər. İmtahan tapşırığını yerinə yetirmək üçün abituriyentlərə 4 saat vaxt verilib.
Xatırladaq ki, 1-ci ixtisas qrupunda xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün ümumilikdə 229 abituriyent DİM-in saytında qeydiyyatdan keçib. Qabiliyyət imtahanının nəticələrdən narazı qalan abituriyentlərin şikayətlərini araşdırmaq üçün AzMİU-da Münaqişə komissiyası yaradılıb. Onu da qeyd edək ki, abituriyentlərin tapşırıqları memarlıq ixtisası üzrə mütəxəssis hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin mütəxəssisləri, yaradıcılıq ittifaqlarının üzvləri və DİM-in əməkdaşları tərəfindən qiymətləndiriləcək.