Qanunsuz məskunlaşma Ermənistanın məkrli planının növbəti mərhələsidir – Deputat
Azərbaycanın ərazilərini işğal etməklə beynəlxalq hüququn normalarını pozan təcavüzkar Ermənistan hökuməti məkrli siyasətindən əl çəkmir. Livanın Beyrut şəhərində baş verən partlayışdan sonra bu ölkədəki faciədən öz mənfur məqsədləri üçün istifadə edən işğalçı Ermənistan Livan ermənilərinin Azərbaycanın beynəlxalq tanınmış əraziləri olan və hazırda hərbi işğal altında olan Dağlıq Qarabağ və ətraf bölgələrinə köçürmək planlarını reallaşdırmağa başlayıb.
Bunu Trend-ə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, son günlər sosial şəbəkələrdə təcavüzkar Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarında qeyri-qanuni məskunlaşdırma siyasətinin davam etdirildiyini nümayiş etdirən video görüntülər qeyri-qanuni məskunlaşdırma siyasətini təsdq edir.
İşğalçı Ermənistan illərdir azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti aparır, təcavüzkar hökumətin silahlı qüvvələrinin bölmələri hər gün atəşkəs rejimini pozur, iriçaplı pulemyotlardan və snayper tüfənglərindən ölkəmizin müxtəlif istiqamətlərini atəşə tutur. Belə olduğu halda Dağlıq Qarabağda Livan ermənilərinin qanunsuz məkunlaşdırma siyasəti təcavüzkar Ermənistan hökumətinin rəhbərliyinin həm iqtisadi, həm də hərbi cəhətdən onlardan üstün olan Azərbaycan dövlətinə qarşı hazırlanan məkrli planın növbəti mərhələsi kimi qiymətləndirilməlidir.
2016-cı ilin Aprel döyüşləri, həm də bu ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlər zamanı işğalçı Ermənistan ölkəmizin gücünün, xalqımızın birliyinin şahidi oldu. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasətdən narahat olan Ermənistan hökuməti işğalçılıq siyasətinin həyata keçirmək üçün gecə-gündüz yollar axtarır. Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən işğalçı Ermənistan hökuməti yenə də öz çirkin məqsədlərinin həyata keçirmək üçün tam səfərbər oldu. Azərbaycanın əzəli-əbədi torpaqlarında ermənilərin sayını süni şəkildə artırmaqla ərazilərin etnik-mədəni xüsusiyyətlərini dəyişdirmək kimi niyyətləri işğalçı Ermənistanın faşizm ideologiyasına kökləndiyinin bariz göstəricisidir.
Heç kəsə sirr deyil ki, işğalçı Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları avantürüst siyasətinin qurbanına çevrəcək, onları silahlı muzdlular kimi də istifadə edəcək. Beynəlxalq təşkilatlar, xüsusilə də münaqişənin sülh yolu ilə həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən işğalçı Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinə kəskin şəkildə münasibət göstərilməməsi təəssüf doğurur. Azərbaycanın tarixi torpaqlarında işğalçı Ermənistanın qeyri-qanuni məskunlaşma siyasətinin həyata keçirməsi ciddi nəticələrə, müharibə vəziyyətinin yenidən alovlanmasına gətirib çıxara bilər.
Yağlı vədlərə aldanaraq Azərbaycanın işğal edilmişl torpaqlarına köçürülən xarici vətəndaşlar Ermənistanın işğalçılıq siyasətin nəticə verməyəcəyini görməli və bilməlidilər ki, tezliklə işğal altında olan Azərbaycan torpaqları azad ediləcək və o torpaqların əsl sahibləri əzəli-əbədi torpaqlarına qayıdacaqlar.