Bakı şəhərində məskunlaşan əcnəbilərə psixoloji yardımlar göstərilir – FOTOLAR
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya və onun Əcnəbilərə psixoloji dəstək üzrə işçi qrupuna daxil olan “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi” (PRİM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasında Bakı şəhərində məskunlaşmış əcnəbilərin psixoloji adaptasiyasına və onların cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə tədbirlərin təşkili” layihəsini icra edir.
Təşkilatdan Aktor.Az-a verilən məlumata görə, layihənin məqsədi Azərbaycan Respublikasında Bakı şəhərində məskunlaşan əcnəbilərin psixoloji adaptasiyası ilə bağlı üzləşdikləri çətinlikləri, o cümlədən həmin şəxslərdə psixoloji və sosial dezadaptasiya xüsusiyyətlərini yaradan səbəbləri öyrənməkdən və bu əsasda onların təmsil olunduqları sosial mühitə effektiv uyğunlaşmalarına, cəmiyyətə daha səmərəli şəkildə inteqrasiya olunmalarına dəstək göstərməkdir.
Layihə çərçivəsində əsas diqqət Bakı şəhərində uzun müddətə məskunlaşan əcnəbilərlə sorğuların keçirilməsinə və həmin şəxslərlə Azərbaycan mentalitetinin və etnik psixoloji xüsusiyyətlərinin özəllikləri mövzusunda məlumatlandırma işinin aparılmasına yetirilir. Bunun üçün 50 nəfərdən artıq əcnəbi ilə keçirilən sorğu nəticəsində psixoloji dəstəyə daha çox ehtiyacı olan 30 nəfər seçilib və bu şəxslərlə fərdi psixoloji məsləhətlərin verilməsinə başlanılıb. Qrup terapiyaları və fərdi məsləhətlər formatında təşkil olunan psixoloji dəstək proqramları tamamlandıqdan sonra gözlənilir ki, psixososial reabilitasiya tədbirlərində iştirak edəcək bu şəxslərin sonradan Azərbaycan cəmiyyətinə inteqrasiyası daha rahat və effektiv keçəcəkdir.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Əcnəbilərə psixoloji dəstək üzrə işçi qrupunun fəal iştirakı ilə təşkil edilən psixoloji yardım proqramlarının hədəf qruplarını ölkədə məskunlaşan qaçqın və sığınacaq axtaran şəxslər, həmçinin müvəqqəti yaşamaq icazəsi olan əcnəbilər təşkil edir. Ehtimal olunur ki, bu kimi psixoloji dəstək proqramları layihə başa çatdıqdan sonra da icra edilsin. Belə ki, sorğuda iştirak edən əcnəbilərlə aparılan müsahibələrdən məlum olur ki, pandemiya və bundan irəli gələn sərhədlər üzərində gediş-gəlişlə bağlı məhdudiyyətin tətbiq edilməsi səbəbindən ölkədə uzun müddətə qalmaq məcburiyyətində olan əcnəbilər arasında ciddi psixoloji stress və sarsıntı keçirənlərin sayı çoxdur. Bu səbəbdən psixoloji yardım proqramlarının gələcəkdə daha geniş miqyası əhatə etmək şərti ilə davam etdirilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində əcnəbilərlə əlaqədar təşkil edilən bütün fəaliyyətlər Dövlət Miqrasiya Xidmətinin aidiyyəti struktur bölmələri ilə əlaqələndirilərək icra olunur.