Şuranın əməkdaşı vergi hesablanması qaydasını şərh edib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin məsləhətçisi Toğrul Turabov işçi əlavə iş yerində çalışdıqda gəlir vergisinin hesablanması qaydasını şərh edib. Katibliyin əməkdaşı bu barədə öz “facebook” səhifəsində açıqlama verib.
Toğrul Turabov yazıb:
Əgər fiziki şəxs əlavə iş yerində çalışırsa, ona ödənilən əmək haqqından gəlir vergisi hansı formada tutulur?
Bildiyimiz kimi, Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.
Əgər işçinin əlavə iş yeri dövlət sektoru olarsa, 2500.00 manatadək 14%, 2500.00 manatdan artıq olan hissədən 25% dərəcə ilə vergi hesablanır.
Əlavə iş yeri müvafiq meyarlara əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoru hesab olunduğu halda 101.1-1–ci maddəyə əsasən, 8000.00 manata qədər 0% dərəcə ilə, 8000.00 manatdan artıq məbləğdən 14% dərəcə ilə vergi hesablanır.
Misal. “X” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə bağlanmış qrant müqaviləsinə əsasən xərclər smetasında əmək müqaviləsi əsasında “Layihə rəhbəri” vəzifəsinə əmək haqqı 300.00 manat olan işçi cəlb etmişdir. İşçinin ƏLAVƏ iş yeri olduğunu nəzərə alaraq, qeyri-hökumət təşkilatlarına əmək müqaviləsi əsasında cəlb olunan işçilərə əmək haqlarından gəlir vergisi Vergi Məcəlləsinin 101.1-1-ci maddəsində qeyd olunan cədvələ uyğun olaraq güzəştli dərəcələrlə hesablandığından, yəni 8000.00 manata qədər 0% dərəcə ilə vergi hesablandığından, gəlir vergisi tutulmur.