AzMİU-nun Enactus komandası mükafatlandırılıb
Sentyabrın 9-da Azərbaycan Respublikasının Gənclər Fondu və BP şirkətinin təşkilatçılığı ilə keçirilən “2020-ci il Enactus Azərbaycan Virtual Milli Yarışı”nın qalibləri – dünya kuboku uğrunda yarışan gənc sahibkarların mükafatlandırılması mərasimi baş tutub. Mükafatlandırma mərasimində Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Nadir Aydınov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov iştirak edib.Bu barədə Universitetdən Aktor.Az-a verilən məlumatda deyilir.
Rəsmilər yarışmada 2-ci yeri qazanan Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) komandasının üzvlərnə və kapitan Nərminə Hüseynliyə kubok, sertifikatlar, eləcə də hədiyyələr təqdim ediblər. Xatırladaq ki, Enactus AzMİU-nun təmsilçiləri “Sehirli Naxışlar” brendi adı altında özündə milli obrazları və fərqli insan fiqurlarını cəmləşdirən və fiziki məhdudiyyətli şəxslər tərəfindən hazırlanan oyuncaqlar təqdim ediblər.
Yarışda respublikamızın 14 ali məktəbinin 700-dən çox tələbəsi iştirak edib. İlk yeri tutan Bakı Dövlət Universitetinin komandası cari ilin sentyabr ayında virtual şəkildə keçiriləcək “Enactus Dünya Kuboku 2020”də ölkəmizi təmsil etmək hüququ qazanıb.
Məlumat üçün qeyd edək ki, 1975-ci ildə ABŞ-da təsis edilən “Enactus” proqramı indiyədək 72 mindən artıq iştirakçını əhatə edib və hər il 1,3 milyon insanın həyatını müsbət istiqamətdə dəyişir. Əsas məqsədi gəncləri sahibkarlıq fəaliyyətinə cəlb etmək, onların nəzəri biliklərini təcrübədə tətbiq etmələrinə yardım göstərmək, biznes, təhsil və sosial layihələr həyata keçirmək, xüsusilə də ölkələrdə kiçik və orta sahibkarlığin inkişafına dəstək vermək olan “Enactus” proqramına Azərbaycan 2005-ci ildən qoşulub.