GündəmManşetMüsahibəOqtay ŞəfioğluSağlıqSiyasətSosialXəbər xətti

Sibel Canı, Sezen Aksunu müalicə edən azərbaycanlı həkim – MÜSAHİBƏ

Oqtay Şəfioğlu ilə tanış olmaq istəyim onun haqqında eşitdiklərimdən sonra baş verdi. Fəaliyyət göstərdiyi səhiyyə ocağında şəfa tapmaq ümidi ilə ona üz tutanlarla həmsöhbət oldum və qərara gəldim ki, redaksiyamıza dəvət edəm.

 

– Oqtay həkim kimdir, onu oxuculara necə təqdim edək?

 

– Ömrünün 45 ilini Azərbaycanda idmanın inkişafına həsr edən, ən ağır xəstələrin yataqdan qalxa bilməsinə, yeriməyi bacarmayan uşaqların doğuşdan və ya sonradan hər hansı bir qəza və ya xəstəliklərdən dolayı yerimə şansı əlindən alınmış insanların rehabilitə olunaraq köhnə yaşamlarına dönə bilmələrinə yardım edən bir uzman mutəxəssis. Qısaca belə deyə bilərəm.

 

 

– Oqtay bəy, uzun müddətdir təbabətdəsiniz, amma ilk olaraq deyəsən, başqa sahənin mütəxəssisi olmusunuz.

 

– İlk olaraq Azərbaycan İdman Akademiyasını bitirmişəm. Cudo üzrə məşqçi olaraq çalışmışam. 3-cü Dan qara kəmər sahibiyəm. Eyni zamanda Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında dərs vermişəm.

 

– Bildiyimizə görə, siz Türkiyədə yaşayırsınız, orada manual terapiya ilə məşğul olmusunuz. Azərbaycana gəlişiniz hansı zərurətdən yarandı?

 

– Bəli. Vücudun fizionomik, anatomik insan bədəninin bioritmik çalışma funksiyalarını mükəmməl mənimsəyərək bütün bacarıqlarımı praktiki olaraq sonradan aldığım manual terapi ilə birləşdirərək, Türkiyə və Avropada tanınmış bir uzman oldum, hələ də bu sahədə çalışmaqda davam edirəm. Azərbaycana qayıtma səbəbim vətən özləmi ve doğmalarım desəm, daha doğru olar.

 

 

– Türkiyədə ünlü sənətçilərlə yaxınlığınızdan bəhs olunur, onların müalicəsi ilə məşğul olmusunuz. Kimlər sizin şəfanızın bəhrəsini görüb?

 

– Ünlü sənətçilərdən Sibel Cana bel yırtığı problemi, MFO qrupundan Fuad Günerə əzələ problemi, Sezen Aksuya və başqalarına oynaq problemlərinin həllində yardımçı olmuşam. Ömrümün 20 ilini Türkiyədə yaşayıb Avropanın bir çox yerindən gələn xəstələrə şəfa vermişəm. Buna Almaniyadan gələn, 18 yaşına qədər yeriməyən gənc qızın yerimə sevincini misal çəkə bilərəm.

 

– Maraqlıdır, sizin müalicə üsulunuzun mahiyyəti nədədir? Nə deməkdir bu və bunun xeyrini hansı xəstələr görüb?

 

– İnsan bədəninin funksiyasının icrasını saxlayan vücuddakı adrenalindir. Adrenalin bizim yaşam enerjimizdir. Bədəndə bu hormonların yetişə bilmədiyi bölgələrdə çeşidli xəstəliklər ola bilər. Vücudda enerji dağıtımı bərabər səviyyədə paylanmazsa, orada adrenalin azlığı var deməkdir. Manual terapiya bu səviyyəni qoruyub saxlamaq üçün 1300 nöqtədən vücuda təsir göstərə bilir.

 

 

Mən bu işləmləri xaricdən gətirdiyim özəl alətlərlə, manual(əl ilə) basqılar(aqupres) və İngiltərədən gətirtdiyim özəl pilates aləti ilə görürəm. 30 il öncə fizioterapidə istifadə olunan elektrikli alətlər və başqa vasitələrin azlığını hiss edərək özümə məxsus çalışma sistemimi qurdum, həmçinin müalicəsini boynuma götürdüyüm xəstələrə heç bir iynə, dərman tövsiyyə etmədən. Bunu İstanbulda tədris ocaqlarında verdiyim seminarlarda da dəfələrlə sübut edib anlatmışam.

 

– Azərbaycanda hansı xəstələri müalicə etmisiniz?

 

– Az müddətə gəlib-gedərək Azərbaycanda fəaliyyət göstərməyə başlamışam. Cəmi bir ildir. Lakin bu qısa müddətdə saysız insanlara yardım etdiyim üçün çox sevinirəm. Buna Gədəbəydən gələn, yeriməsi imkansız deyilən 4 yaşlı Nihadı yeritməyimi, həmçinin İsmayıllının Basqal kəndindən olan 5 yaşlı Aysu qızımızı yeritməyimi də misal çəkə bilərəm. Avtomobil qəzası və s. qəzalarda onurğa sütunu zədələnmiş yataq xəstələrinə də yardımçı olmaqla məşğulam.

 

 

– Maraqlıdır, bu qədər klinikaların, həkimlərin bol olduğu bir vaxtda sizə qarşı aqressiya, qısqanclıq varmı?

 

– Əlbəttə ki, olacaq. Amma mən həyatda qısqanclığa deyil, sağlam rəqabətə üstünlük vermişəm.

 

– Sözarası dediniz ki, sizi Avropada tanıyırlar. Bəs niyə doğma Azərbaycanda dediyiniz qədər tanınmırsınız.

 

 

– Çünki Azərbaycanda çox yeni fəaliyyətə başlamışam ve reklam etməyi həyatım boyu sevməmişəm.

 

– Oktay bəy, dediyiniz kimi bir çox ölkələrdə olmusunuz, tanınırsınız, sizə inanır və güvənirlər. İndi də doğma Azərbaycana gəlmisiniz və təcrübənizi paylaşırsınız, deyin, bizdə necədir, səhiyyənin inkişafı siz qane edirmi?

 

– Mən çox istərdim ölkəmizdə savadlı, uzman mütəxəssislərin sayı daha da artsın, insanlarımız, xəstələrimiz sağalmaq üçün başqa ölkələrə üz tutmasın.

 

 

– Niyə son vaxtlar xəstəliklər daha çox yayılmaqdadır?

 

– Elektronik sistemlər çoxaldıqca, insanlar təbiətdən uzaq qaldıqca, QDO-lu məhsullar həyatımıza daxil olduqca yaranmaqda olan insan ana bətnindən mutasiyaya uğramağa başlayır, bu da irəlidə insan vücudunda müxtəlif xəstəliklərə səbəb olur.

 

– Eşitdiyimizə görə, bədii yaradıcılıqla da məşğul olursunuz. Əsasən hansı janrda yazırsınız?

 

– Ədəbiyyata maraq məndə uşaqlıq illərindən var. Arabir hisslərimi şeirlərə çevirib vərəqlərlə paylaşıram. Ədəbi inkişafımda gənclik illərində müəllimim olmuş R.Z.Xəndanın böyük rolu olub.

 

 

– Kimləri oxuyursunuz? Mütaliəniz nə yerdədir?

 

– Dünya ədəbiyyatı toplusu Azərbaycana gəldiyi gündən kitabxanalarda oxumadığım və almadığım kitab qalmamışdı. Əlavə olaraq ixtisasıma aid elmi əsərlər və ədəbiyyatımızdakı yeni nəslin inkişafını izləyirəm.

 

– Səhiyyə və ədəbiyyat bir araya gəlirmi?

 

– İnsan vücudu duyğularla idarə olunduğu üçün hər ikisinin bir arada yeri var. Həmçinin mən xəstələrlə terapiya zamanı dünya klassiklərinin əsərləri və relaks musiqilərdən istifadə edirəm.

 

– Seçim qarşısında qalsanın səhiyyəni, yoxsa ədəbiyyatı seçərdiz?

 

– Götürə bildiyim qədər hər ikisini götürərdim. Çünki onlarsız özümü təsəvvür edə bilmərəm.

 

 

– Oktay bəy, bu günlərdə doğum gününüzü qeyd etmisiniz, 61 yaşınız tamam olub, təbrik edirəm.

 

– Çox sağ olun. Fürsətdən istifadə edib doğum günümü təbrik etmənizə, götürdüyünüz müsahibəyə və diqqətinizə görə sizə təşəkkür edirəm. Sözümü isə şeirimdən bir bəndlə tamamlayıram:

 

Kağızı ağladan qələmlər də var,

Ömrün yazısının şən sözləri ol.

Bir qələm ucunda ölənlər də var,

Çalış hər yazıyla yenidən doğul.

 

Faiq Balabəyli

 

Həşimov Oqtay Şəfi oğlu 1956-cı ildə Azərbaycanın Qax rayonunda doğulub.20 il İstanbulda yaşayıb,ömrünün 40 ilini manual terapiya sahəsinə həsr edib.

Azərbaycanda yaşadığı müddətdə Qax rayonunda böyrək xəstəlikləri üzrə pansionatda,Bakıda “8-ci km”də yerləşən köhnə 26-lar klinikasında fizioterapi üzrə,28 Mayda yerləşən köhnə Kirov adına xəstəxanada Qarabağ yaralıları ilə və.s. çalışıb.

Cudo üzrə 3-cü dan qara kəmər sahibi,idman sahəsi üzrə İdman Universitetində dərs demiş,peşəkar idmançıların yetişdirilməsində böyük rolu olmuşdur.

Türkiyədə yaşadığı müddətdə bilik və təcrübələrini vücudun biomexanik sistemi üzərinə yönəltmiş,işində daha da mükəmməlləşmiş, tanınmış mütəxəssis olaraq çalışmışdır.

Aydın Unversitetində Türkiyə iş adamlarının 55-60 yaş üzərində insanların yaşam tərzləri haqqında seminarlar verib ,Kazım Qarabəkir vəqfinin doğal sağlıq danışmanı,Kayseri problemli uşaqlar mərkəzinin yeriməyən,əlil doğulan uşaqlar üzərində böyük uğurlara imza atmış manual terapevti və.s. olaraq çalışmışdır.

İstanbulda sonradan “Yeni yaşam”adı altında şəxsi iş yerini qurmuş və uzun illər də orada çalışmışdır.Bakıya döndükdən sonra da bir neçə özəl klinikalarda xidmət göstərib.Hazırda Bakıda yeni yaratdığı “Yeni yaşam”pilates mərkəzinin rəhbəridir.

 

Həkimlə əlaqə:

077 554 14 79

050 318 69 03

 

Sosial şəbəkələrdə ünvan:

https://www.facebook.com/pg/masajokulu/photos/?tab=album&album_id=1664166887131930