“Əkinçi”dən “Traktor”a uzanan TORPAQ sevgimiz bizi tezliklə Şuşaya, Dağlıq Qarabağa qovuşduracaq!
Türk dünyasının, Türk xalqlarının ulu ozanı Dədə Qorqud zamanında əbəs yerə “əgər torpağı qorumursansa, onu əkib becərməyə dəyməz, əgər əkib becərmirsənsə, onu qorumağa dəyməz” deməyib. Sadə bir cümlə olsa da, bunun arxasında böyük bir fəlsəfi məna yatır. O mənada ki, ulu Dədə Qorqudumuz bu cümlə ilə Türk xalqlarına, o cümlədən azərbaycanlılara torpağın hansı baxımdan əhəmiyyətli olduğunu çatdırıb – Qoruduğun torpağı mütləq əkib becərməlisən, yaxud da əkib becərdiyin torpağı mütləq qorumalısan. Çünki torpaq həm də Vətəndi, ana yurddu. Bizim doğulub, boya-başa çatdığımız, bizdən sonra gələnlərin də ayaq tutub yeriyəcəyi, həm əkib becərəcəyi, həm də lazım gəlsə öz qanı bahasına belə qoruyacağı bir yurddu. Çünki təkcə torpaq deyil, həm də torpağı sevmək və qorumaq da ulularımızdan bizə miras qalıb. Ona görə də bizlər torpağa önəm veririk, torpağı sevirik, “torpaq müqəddəsdir”, “hər zaman onun uğrunda canımızı verməyə hazırıq” deyirik… Torpaqdan niyə söz açdım?! Bu sualın cavabı olaraq “Əkinçi” qəzeti və “Traktor” futbol komandasını xatırlatmaq istəyirəm. Sual oluna bilər ki, bunların bir-birinə nə aidiyyəti?! Bəli, ilk baxışdan heç bir aidiyyəti yoxdur. Biri 145 il əvvəl əsası qoyulmuş qəzet, digəri isə 50 il əvvəl əsası qoyulmuş futbol komandası. Amma bunları bir-birinə bağlayan bir sıra məqamlar var.
Birinci məqam hər ikisinin də azərbaycanlılar tərəfindən yaradılması, yəni milli olmasıdır. 1875-ci ildə Arazın bu tayında “Əkinçi” qəzetinin əsasını qoyan dahi ziyalımız Həsən bəy Zərdabi bununla milli və azad mətbuatımızın ilk toxumlarını torpağa atdı. Yəni 145 il əvvəl dahi Zərdabinin “Əkinçi”sinin torpağa atdığı toxumlar cücərdi-cücərdi zaman-zaman bar verdi, zaman-zaman şaxələndi, yayıldı və bu gün Arazın bu tayındakı Azərbaycanın müasir, mövcud mətbuatının ilk zərrəciyinə, ilk nöqtəsinə çevrildi. “Əkinçi” həm də torpaqla bağlı olan bir ad idi. Hesab edirəm ki, Həsən bəy Zərdabi bu qəzetin adını “Əkinçi” qoymaqla bir tərəfdən də ulularımızın torpağa bağlı olduğuna işarə etmiş və bizim də bu ənənəyə sadiq qaldığımızı göstərmişdi.
“Əkinçi”nin əsasının qoyulmasından 95 il sonra, 1970-ci ildə isə Arazın o tayında bir milli futbol komandasının əsası qoyuldu və nə qədər qəribə olsa da bu komandanın da adı bir mənada torpaqla, əkinlə bağlı idi – “Traktor”. Bəli, “Traktor” deyəndə bizim hər birimizin yaddaşına ilk gələn torpaq, əkin olur. Və mənə elə gəlir ki, bu klub sponsorunun məhz Təbrizin ən böyük zavodlarından biri olan Traktor zavodu olması, həmçinin futbol komandasının da “Traktor” adlandırılması heç də təsadüfi deyil. Bəlkə də ululardan gələn bir genetik siqnaldı ki, cənublu soyadşlarımız 1970-ci ildə Təbrizdə yaradılan bu futbol klubunun da adını “Traktor” qoyublar. Yəni bu da bir növ azərbaycanlıların -Arazın istər o tayında olsun istərsə də bu tayında – torpağa bağlı olduqlarına dair daha bir bir mesajdır məncə.
“Əkinçi” ilə “Traktor”un bağlılığına başqa bir aspektdən də toxunmaq istəyirəm. Bu isə ondan ibarətdir ki, məhz “Əkinçi”nin yaradılmasının 145-ci ildönümündə “Traktor” İran çempionu olmaqla dünyaya səs saldı. Və başqa bir məqam da budur ki, “Traktor” öz yaradılışının 50-ci il dönümündə bu çempionluq titulunu qazandı. Yəni mənə elə gəlir ki bu rəqəmlər də təsadüfən deyil. Burda bir mistika, bir mesaj var, bəlkə də bir Tanrı mesajı da var.
Beləliklə, bir daha o fikrə qayıdıram ki, istər “Əkinçi”, istər “Traktor” bizlərin ana qədər sevdiyimiz, Vətən dediyimiz torpağa bağlı olduğumuzun bir təsdiqidir. Eyni zamanda düşünürəm ki, bu rəqəmlərin mistikası fonunda 2020-ci il bizə torpaqla, Vətənlə bağlı daha bir sevinci yaşada bilər. Düşünürəm ki, “Əkinçi”nin yaranışının 145-ci, “Traktor”un yaranışının 50-ci ildönümündə Arazın bu tayında daha bir uğur qazanılacaq, Azərbaycan Respublikasının şanlı Ordusu, qəhrəman əsgərlərimiz işğal altındakı torpaqlarımızı birdəfəlik düşməndən azad edərək bayrağımızı Şuşada, Xankəndidə, bütün azad olunacaq torpaqlarımızda dalğalandıracaqlar. Və o zaman ulu ozanın, ulu Dədə Qorqudun “əgər torpağı qorumursansa, onu əkib becərməyə dəyməz, əgər əkib becərmirsənsə, onu qorumağa dəyməz” kəlamını bir daha xatırlaya-xatırlaya həyatımıza davam edəcəyik. Yəni, necə ki, 2016-cı ildə düşmən tapdağından azad olunan Cocuq Mərcanlıda tezliklə əkdik, becərdik və torpağımızı yenidən yurda çevirdik, bundan sonra da azad olunacaq torpaqlarımızı əkib becərəcəyik, yenidən yurda çevirəcəyik və o zaman deyəcəyik ki, bəli, biz torpağı sevirik, biz anamızı sevirik, biz Vətənimizi sevirik və bu torpağa da, bu Vətənə də sahib çıxmağı bacarırıq. Bir sözlə, “Əkinçi”dən “Traktor”a uzanan TORPAQ sevgimiz bizi tezliklə Şuşaya, Dağlıq Qarabağa qovuşduracaq!
Nadir AZƏRİ