Pandemiyada əcnəbilərə metodik tövsiyə ətrafında müzakirələr aparılıb – FOTOLAR
Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuraya və onun Əcnəbilərin inteqrasiyası üzrə işçi qrupuna daxil olan “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Pandemiya şəraitində ölkə ərazisində qalan əcnəbilərə hüquqi yardımların göstərilməsi” layihəsini icra edir. Layihə çərçivəsində əcnəbilərə hüquqi məsləhətlərin verilməsi və bu sahədə zəruri dəstəklərin göstərilməsi nəzərdə tutulub. Bununla yanaşı bir sıra əyani vəsaitlərin hazırlanması və bu çap məhsulları əsasında maarifləndirmə kampaniyasının keçirilməsi planlaşdırılıb.
DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov icra olunan layihənin pandemiyadan əziyyət çəkən əcnəbilərə hüquqi müstəvidə məsləhətlərin verilməsinin, həmçinin onların hüquq və maraqlarının təmin edilməsinin əhəmiyyəti barədə danışıb. Sədr bildirib ki, istər onun rəhbərlik etdiyi İctimai Şuraya və onun müvafiq struktur bölmələrinə, istərsə də sosial şəbəkələrdə gedən yazılardan məlum olur ki, pandemiyaya görə sərhədlər üzərindən gediş-gəlişdə məhdudiyyətin tətbiq edilməsi əcnəbilərin ölkə ərazisində uzun müddətə qalması ilə nəticələnib. Lakin uzun müddət ölkə ərazisində qalmağı planlaşdırmayan həmin şəxslər belə bir şəraitdə çox çətin vəziyyətə düşüblər. Bu baxımdan əcnəbilərin üzləşdikləri çətinliklərin aradan qaldırılması ilk əvvəl hüququn verdiyi imkanlardan maksimum yararlanaraq həmin şəxslərin yerli cəmiyyətə daha səmərəli inteqrasiya olunmaları üçün müvafiq şəraitin yaradılmasını tələb edir. Layihə çərçivəsində hazırlanacaq metodik tövsiyə bu mühüm vəzifənin uğurla icra edilməsi çox vacib əsaslar yaradacaqdır. Layihənin icra qrupu ilə distant qaydada keçirilən görüşdə “Pandemiya şəraitində əcnəbilərə göstərilən xidmətlərin hüquqi aspektləri” adlı metodik tövsiyənin əsas bölmələri və onların əhatə etdikləri aspektlər müzakirə olunub.
Layihə rəhbəri Kəmalə Məmmədova layihə çərçivəsində metodik tövsiyə ilə yanaşı hazırlanacaq digər çap məhsullarının təyinatı barədə məlumat verib və bildirib ki, çap məhsullarının məzmununu zənginləşdirmək üçün cari ayda maraqlı tərəflərin iştirakı ilə “Pandemiyanın miqrasiya proseslərinə təsiri” və “Əcnəbilərin inteqrasiyasının aktual aspektləri” mövzularında geniş virtual ictimai müzakirələrin keçirilməsi planlaşdırılır. Layihə rəhbəri hazırkı mərhələdə keçiriləcək həmin ictimai müzakirələrlə bağlı təşkilati işlərin yerinə yetirildiyini qeyd edib.
Layihənin icra qrupunun üzvlərindən hüquqşünaslar Ayşən Murdova və Fariz Rzayev müzakirəyə çıxarılan məsələlərə münasibət bildiriblər və pandemiya şəraitində hüquqi yardıma ehtiyacı olan əcnəbilərin müraciətləri barədə məlumat veriblər.
İştirakçılar tərəfindən verilən suallar həm DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov, həm də layihə rəhbəri Kəmalə Məmmədova tərəfindən ətraflı şəkildə cavablandırılıb. Tədbirin sonunda qərara alınıb ki, layihənin icra qrupunun növbəti görüşünədək çap üçün nəzərdə tutulan vəsaitlərin məzmunu hazırlansın və razılaşdırılması üçün aidiyyəti üzrə təqdim edilsin.