Xəbər xətti

Qazıyev ev dustaqlığına buraxıldı

Bu gün Səbail rayon Məhkəməsində sabiq müdafiə naziri Rəhim Qazıyevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı verdiyi vəsatətə baxılıb.

Trend-in məlumatına görə, məhkəmə vəsatəti təmin edilib və təqsirləndirilən şəxs ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, 2020-ci il iyulun 12 və 13-də sabiq Müdafiə naziri R.Qazıyevin Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi halda məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb. Onun Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub.

R.Qazıyev Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.