Məktəblərdə dərslər belə keçiriləcək — Yeniliklər açıqlandı
Yeni tədris ili başlayır. Pandemiya dövründə təhsilin əsasən onlayn keçiriləcəyini nəzərə alsaq, burada bir neçə problem yaranacaq.
Əsas problemlərdən biri ölkədə internetin zəifləməsidir ki, dünən bu məsələyə toxunduq və rəsmi qurumdan açıqlama aldıq.
Digər əsas problem isə şagirdlərdə kompüter və planşet problemləri, məktəblilərin dərsləri, onların tapşırıqlarını hansı formada həll edəcəkləri məsələsidir.
Yaranmış problemlərə aydınlıq gətirmək üçün Təhsil Nazirliyilə əlaqə saxladıq.Nazirliyin sözçüsü Cəsarət Valehov BAKU.WS-ə açıqlamasında bildirib ki, yaranmış problemlərin həlli ətrafında qurumda işlər aparılır.
“Yaxın günlərdə “Microsoft Teams” proqramının Azərbaycan dili versiyası istifadəyə veriləcək. Bütün tapşırıqlar bu proqram üzərindən gerçəkləşdiriləcək.
Əsas məqsəd budur ki, istər onlayn, istər teledərslər və ənənəvi formada uşaqlar dərsə qoşulsun. Onlayn təhsillə yanaşı, ənənəvi dərslər və teledərslər əlavə imkanlardır. Artıq Təhsil Nazirliyi teledərslərə başlayıb. Sentyabr ayının 15-dən teledərslər daha geniş cədvəllə yayımlanacaq”, – deyə C.Valehov bildirib.
O ki qaldı internetin sürəti və əlçatanlılığı ilə bağlı məsələlər, nazirlik rəsmisinin sözlərinə görə, bununla bağlı müzakirələr aparılır:
“Xüsusən bölgələrdə internet sürəti və avadanlıqlarla bağlı müəyyən problemlər var. Bu problemlərin aradan qaldırılması üçün kifayət qədər böyük maddi vəsait lazımdır. İndiki halda Təhsil Nazirliyi həm teledərslər, həm də onlayn dərslərlə bu imkanları təqdim edir. Teledərslər əlçatanlılıq baxımından problemli deyil.
Bununla bağlı mobil operatorlarla müəyyən danışıqlar aparmışıq. Artıq bizim təkliflərimizə qoşulanlar var. Digər mobil operatorlardan da bu təşəbbüsü gözləyirik.
Bütövlükdə bu versiya daha geniş olarsa, daha da əlverişli olar. Şagirdlərlə də bağlı bu məsələnin həyata keçirilməsi arzuolunandır”.