AzTU-nun İctimai Şurasının onlayn iclası keçirilib – FOTOLAR
Sentyabrın 2-də Azərbaycan Texniki Universitetinin (AzTU) İctimai Şurasının onlayn iclası keçirilib. Universitetdən Aktor.Az-a verilən məlumata görə, İctimai Şuranın sədri, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, məqsəd AzTU-da yeni tədris ilinə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələri müzakirə etməkdir.
Daha sonra AzTU-nun rektoru Vilayət Vəliyev yeni tədris ilinə hazırlıqla bağlı görülən işlər, qarşıda duran vəzifələrdən danışıb. Rektor eyni zamanda yeni tədris ilində gənc magistrlərin assistant kimi işə qəbul olunması, tədris prosesinin və akademik yükələrin optimallaşdırılması, yeni tədris planlarının müasir trendlərə uyğunlaşdırılması barədə məlumat verib. Bildirilib ki, pandemiya səbəbindən yeni tədris ilində dərslər onlayn formada başlayacaq. Ötən tədris ilinin ikinci semestrindən fərqli olaraq onlayn dərslərin texniki təminatı daha da təkmilləşdirilib. Dərslərin “Microsoft Teams” platforması üzərindən təşkili üçün lazımi hazırlıq işləri həyata keçirilib. Eyni zamanda internet problemi olan tələbələr də müəyyən olunub. Belə tələbələr onlayn dərslərə qoşulmaq üçün internet paketi ilə təmin ediləcək.
Texniki xarici dilin öyrədilməsinin vacibliyini qeyd edən rektor artıq AzTU-da xarici dilin tədrisi ilə bağlı da yeni qaydaların tətbiq edildiyini bildirib. Belə ki, Türkiyənin OSTİM Texniki Universitetinin planı əsasında aparılacaq tədris 4 səviyyədə icra olunacaq.
O da vurğulanıb ki, AzTU-nun 2020-2030-cu illər üzrə strateji inkişaf planı hazırlanıb və görüləcək işlər sənəddə qeyd olunan ardıcıllıqla davam etdirilir.