STM “Pandemiya ilə mübarizədə dövlətin anti-böhran siyasəti ictimai rəydə” mövzusunda tədqiqat aparıb – VİDEO
Sosial Tədqiqatlar Mərkəzi (STM) vaxtaşırı olaraq dövlət və cəmiyyət həyatında baş verən dəyişiklikləri, müşahidə edilən tendensiyaları, yeni yanaşmaları, cəmiyyətdəki dinamikaları öyrənir, tədqiq edir və ictimaiyyətə, eyni zamanda, dövlət orqanlarına təqdim etmək üçün açıq və qapalı arayışlar hazırlayır.
STM dövri olaraq “İnam İndeksi” nəşrinin xüsusi buraxılışında ölkə başçısının fəaliyyətinin ictimai qiymətləndirilməsini həyata keçirir və Prezident İlham Əliyevin fəaliyyəti, həyata keçirdiyi genişmiqyaslı iqtisadi-sosial və xarici siyasət kursunun milli həyatımızdakı yeri, eləcə də qarşıya qoyulan hədəflərə dair elmi təhlillər aparır.AZƏRTAC xəbər verir ki, “İnam İndeksi” nəşrinin üçüncü buraxılışı Azərbaycan Prezidentinin ilin ikinci rübündəki – aprel, iyun ayları ərzindəki fəaliyyətinə həsr edilib.
İctimai rəyin tədqiqi göstərir ki, son 5 ayda dünyada hökm sürən koronavirus pandemiyasına qarşı mübarizədə siyasi liderlik, dövlətin potensial resurs, güc və imkanlarını səfərbər etmək bacarığı, ictimai inam və etimadın qorunub saxlanması, milli birliyin təmin olunmasının başlıca şərtinə çevrildi.
Sosial Tədqiqatlar Mərkəzi, eyni zamanda, “Pandemiya ilə mübarizədə dövlətin antiböhran siyasəti ictimai rəydə” mövzusunda ictimai rəy sorğusu əsasında böyük tədqiqat işi hazırlayıb. Azərbaycan dövlətinin koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində qəbul etdiyi antiböhran strategiyası, müvafiq dövlət siyasətinin ictimai rəy əsasında qiymətləndirilməsi hökumətin qarşıdakı dövr üçün qərarlarının planlaşdırılmasında əhəmiyyətli rol oynayır.
Analitik hesabatda dövlətin yaxın dövrdə pandemiyanın makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə həyata keçirdiyi təxirəsalınmaz sosial dəstək tədbirlərinə münasibət göstəriciləri ictimai rəy əsasında qiymətləndirilir.
Hər iki hesabatın ictimai təqdimatı üçün təşkil edilən brifinqi giriş sözü ilə açan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, Prezidentə inam və etibar əmin-amanlığın, iqtisadi-siyasi və mənəvi yeniləşmənin, qanunçuluğun və yeni hakimiyyət quruculuğu siyasətinin başlıca təminatıdır.
Z.Oruc daha sonra deyib: “Dünyada koronavirus pandemiyası təkcə ölkələrin iqtisadiyyatını, sosial rifahını, daxili və xarici əlaqələrini, bir sözlə, ictimai həyatın bütün sahələrini əhatə etdiyi kimi, ilk növbədə, dövlət rəhbərlərini, siyasi liderləri çətin sınaqlar qarşısında qoydu. Ötən aylar göstərdi ki, ölkə başçıları pandemiya təhlükəsinə müxtəlif vaxtlarda və formalarda reaksiya verməklə həm tarixi siyasi şəxsiyyətlərdən, həm də müasir dövrün peşəkar idarəçilərindən kəskin şəkildə fərqləndilər. Əlbəttə, bütün bunların nəticəsi olaraq, indi müxtəlif qitələrdə saysız- hesabsız suallar irəli sürən cəmiyyətlərin xüsusi davranışlarını görürük: “Onlar soruşur ki,
• Böhran şəraitində liderlər nə dərəcədə milli birliyi təmin edə bildilər?
• Öz millətinin taleyini üzərinə götürərək daxili və beynəlxalq əməkdaşlıq şəraitində, milli sərhədlər daxilində mərkəzi hakimiyyətin, yəni, dövlətin vahidliyini nə dərəcədə qoruyub saxlamağa nail oldular?
• Xalqın sağlamlığını və təhlükəsizliyini qorumaq üçün məsuliyyəti öz çiyinlərində saxlayan rəhbərlər onu müxtəlif dövlətlərin, hökumətlərin və yerli orqanların üstünə atmaq deyil, əksinə, onların monolitliyini təmin edə bildilərmi?
• Hər bir xalqın, ayrıca fərdin davranışlarında baş qaldıran yeni sosial-psixoloji və siyasi dəyişikliklərə – əksər hallarda özünü qabarıq göstərən millətçilik və tarixi yaddaşın oyanması fonunda pandemiyadan tədricən çıxmaq kursunu seçərək iqtisadiyyatın, sosial həyatın, iş yerlərinin və məşğulluğun, bir sözlə, normallaşma tədbirlərinin hesabına ictimai əmin-amanlığı və sülhü qorumaq mümkün oldumu?”
STM rəhbəri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti dünya tarixinin ən böyük sınaqlarından, bir sıra hallarda “müharibə” adlandırılan çətin imtahanından öz xalqının çıxarılması üçün bütün təhlükələri üzərinə götürməyi, qeyri-standart şəraitdə meydana gələn çağırışları və problemləri həll etməyi bacardı, böhrana qarşı yeni keyfiyyətdə dayanıqlı xarakter, möhkəm iradə göstərdi və buna görə də onun xarizması, nüfuzu xalq içərisində güclü olaraq qalır. Bu nüfuz əmin-amanlığın, iqtisadi-siyasi və mənəvi yeniləşmənin, qanunçuluğun və ən başlıcası 2019-cu ildən daha böyük miqyasda həyata keçirilən yeni hakimiyyət quruculuğu siyasətinin başlıca təminatıdır. Eyni sözləri Mehriban xanım Əliyeva haqqında da söyləmək mümkündür. Ötən on illərdə olduğu kimi, son 5 ayda da Mehriban xanım dövlət və milli həyatın bütün sahələrində Prezidentlə çiyin-çiyinə addımladı və hər zaman xalqın yanında oldu.
Sədr daha sonra deyib ki, Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsi və dinamikasının izlənilməsinə, məlum olduğu kimi, ilk olaraq Sosial Tədqiqatlar Mərkəzi tərəfindən başlanılıb: “Təqdim edilən növbəti hesabat bu silsilədən 3-cü tədqiqat işidir, 2020-ci ilin ikinci rübünü – aprel-iyun aylarını əhatə edir. Sosioloji sorğu əsasında hazırlanmış analitik hesabatda ölkə Prezidentinin bəhs edilən müddətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinə ictimai münasibətin monitorinqi, əvvəlki dövrlə müqayisəli dinamikası və təhlili öz ifadəsini tapıb.
Hesabatdan da görünür ki, qeyd olunan zaman intervalında dünyəvi sınaqdan qətiyyətlə çıxan ölkələr yeni reallığın tələb etdiyi islahatlarla daha da güclənəcək. Digər qrup ölkələr isə, əksinə, zəif rəhbərliyinə görə ağır vəziyyətə düşəcək, yoxsulluq, qeyri-sabitlik və iqtisadi durğunluqla üzləşəcəklər. Narahatlıq doğuran məqam həm də odur ki, ikinci qrup ölkələrin sayı birincilərdən daha çox olacaq.
İctimai rəy sorğusunun nəticələrinə əsaslanmaqla, uğur qazanan və sınaqdan çıxan dövlətlər arasında Azərbaycanın olmasını əminliklə söyləyə bilərik.
Bunu deməyə əsas verən dünyada pandemiyanın başladığı bir ilə yaxın müddətdə tədqiqatçı və ekspertlərin pandemiya ilə uğurlu mübarizəni müəyyən edən 3 əsas amili aşkara çıxarmasıdır:
1. Siyasi lider amili;
2. Dövlətin potensial resurs, güc və imkanları;
3. İctimai inam və etimadın mövcudluğu.
Pandemiya böhranından çıxmağa və sonrakı güclü inkişafa təkan verəcək bu “uğur amilləri”nin 3 sütununa malik olan ölkələrdə vətəndaşların etibar etdiyi və güvəndiyi siyasi liderlər çevik strateji idarəçiliyi bərqərar etməklə pandemiyanın vurduğu zərbələri neytrallaşdırmağa qabil olurlar. Qarşılıqlı etimadın və milli birliyin olduğu cəmiyyətlərdə bu keyfiyyətlər koronavirus fonunda tamamilə yeni dəyər yaradır, milli gücə çevrilir”.
STM sədri yekunda bildirib ki, pandemiya zamanı ölkələr siyasi-əxlaqi, mənəvi seçimlərlə üz-üzə qaldı. “Vətəndaşların sağlamlığının, yoxsa iqtisadiyyatın xilas ediləcəyini” seçim edərkən müxtəlif dövlətlər müxtəlif seçimlər etdilər. Azərbaycanın dövlət başçısı bəyan etdi ki, insanların həyatından vacib heç nə ola bilməz. Beləliklə, Azərbaycan rəhbərliyinin vətəndaşların sağlamlığını, rifahını və təhlükəsizliyini strateji prioritet olaraq önə çəkməsi yaranmış vəziyyətdə verilmiş ən düzgün qərarlardan oldu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün antiböhran fəaliyyətinin məzmunu – iqtisadi dəstək proqramları, sosial paketlərdən tutmuş səhiyyə infrastrukturunun adaptasiya və modernləşməsinə, yeni klinikaların inşasına qədər həyata keçirilən tədbirlər məhz bu məqsədə – vətəndaşın ali dəyər kimi mərkəzdə durmasına xidmət edir.
STM İdarə Heyətinin sədr müavini Elşad Mirbəşiroğlu çıxışında “İnam İndeksi”nin müxtəlif aspektlərindən bəhs edib və bildirib ki, ölkə Prezidentinin fəaliyyətinin prioritet istiqamətlərindən birini ordu quruculuğu təşkil edir. Silahlı Qüvvələrə xüsusi diqqətin ayrılmasını təbii ki, hər şeydən öncə ölkəmizin müharibə şəraitində olması şərtləndirir. Keçirilmiş sorğunun nəticələri aydın göstərdi ki, əhali ordu quruculuğu istiqamətində Prezidentin fəaliyyətini kifayət qədər yüksək qiymətləndirir: “Belə ki, rəyi soruşulanların 70,7 faizi, yəni, mütləq çoxluğu ölkə Prezidentinin ordu quruculuğu istiqamətindəki fəaliyyətinin çox səmərəli olduğunu düşünür. 24,6 faiz respondent isə bu istiqamətdə dövlət başçısının fəaliyyətini əsasən səmərəli hesab edir. Əks mövqedən çıxış edən vətəndaşların faiz dərəcəsi 2,5-ə bərabərdir. Ordu quruculuğu istiqamətində səmərəli fəaliyyət ölkə Prezidentinə olan inam və etimadın artmasını şərtləndirən əsas amil rolunda çıxış edir. Belə ki, Prezidentə olan inam və etimadının artdığını bildirən 24,6 faiz respondentin 82 faizi ordu quruculuğu istiqamətində onun fəaliyyətini çox müsbət qiymətləndirir. Hətta inam və etimadının azaldığını bildirən 2,6 faiz respondentin 27,6 faizi də ordu quruculuğu istiqamətindəki fəaliyyəti müsbət qiymətləndirir”.
Sədr müavini deyib ki, beynəlxalq və milli səviyyədə yeni çağırışlar, inkişaf hədəfləri dövlət idarəçiliyi sahəsində çevikliyin və səmərəliliyin artırılmasını zəruri edir. Bu istiqamətdə vacib həll yolu kimi kadr islahatları daim dövlət başçısının diqqət mərkəzindədir. Prezidentin həyata keçirdiyi kadr islahatları respondentlərin 53,9 faizi tərəfindən çox səmərəli, 32 faizi tərəfindən isə əsasən səmərəli kimi qiymətləndirilir. 6,5 faiz respondent kadr islahatlarını səmərəli hesab etmir. Prezident tərəfindən həyata keçirilən kadr islahatları da ona olan inam və etimadın artmasında təsirli rol oynayıb. Belə ki, Prezidentə olan inam və etibarının artdığını bildirən 24,6 faiz respondentin 68,6 faizi kadr islahatlarını yüksək qiymətləndirib. İnam və etimadının azaldığını bildirən 2,6 faiz respondentin isə 8 faizi kadr islahatlarını müsbət qiymətləndirib. Dövlət başçısının həyata keçirdiyi kadr islahatlarını çox səmərəli hesab edənlərin 81,2 faizi onun korrupsiya ilə mübarizə sahəsindəki təşəbbüslərini də dəstəklədiyini bildirir. Kadr islahatlarını mənfi qiymətləndirənlərin də əhəmiyyətli hissəsi – 74,3 faizi korrupsiya hallarına yol verən vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinin doğru olduğu qənaətindədir”.
“Ölkədə xüsusilə də son dövrlərdə korrupsiyaya qarşı mübarizə intensiv xarakter alıb. Həyata keçirilən həm kadr islahatlarının, həm də institusional islahatların əsas hədəflərindən biri də məhz korrupsiya hallarının qarşısının alınmasından ibarətdir. Bu istiqamətdə ölkə Prezidentinin fəaliyyəti 56,1 faiz respondent tərəfindən çox səmərəli, 27,2 faiz respondent tərəfindən isə əsasən səmərəli qiymətləndirilib. Bununla yanaşı, korrupsiyaya qarşı mübarizə sahəsində cəmiyyətdə hələ müəyyən gözləntilərin qaldığı müşahidə olunur. Belə ki, rəyi soruşulanların 12,3 faizi sözügedən istiqamətdə görülən işlərin çox da səmərəli olduğunu düşünmür. 4,4 faiz respondent isə fikir bildirməkdə çətinlik çəkib. Korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən fəaliyyətə müsbət münasibət bildirən 56,1 faiz respondentin 36,5 faizi Nazirlər Kabinetinə, 33,4 faizi isə Milli Məclisə etibar etdiyini qeyd edib”.
E.Mirbəşiroğlu qeyd edib ki, ölkə Prezidentinin təhlükəsizlik və xarici siyasət sahələrində atdığı çevik strateji addımlar daim diqqəti cəlb edir. Hazırkı mərhələdə Azərbaycan beynəlxalq münasibətlər sistemində kifayət qədər ciddi mövqelərə malik olmaqla, çoxistiqamətli səmərəli əməkdaşlıq sistemini qura bilib. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən rəyi soruşulanların əksəriyyəti də bu qənaəti bölüşür. Belə ki, respondentlərin 54 faizi təhlükəsizlik və xarici siyasət istiqamətində Prezidentin fəaliyyətini çox səmərəli, 28,9 faizi, əsasən, səmərəli hesab edir. Əks mövqe bildirənlər isə rəyi soruşulanların 6,5 faizini təşkil edir. Sözügedən istiqamətdə cavab verməkdə çətinlik çəkənlərin faiz dərəcəsində yüksəlmə müşahidə olunub. Belə ki, 10,7 faiz respondent təhlükəsizlik və xarici siyasət istiqamətində fəaliyyətlə bağlı sualı cavablandırmaqda çətinlik çəkib.
Sosial Tədqiqatlar Mərkəzinin Sosial-iqtisadi təhlil departamentinin rəhbəri Seymur Əliyev çıxışında bildirib ki, təbii fəlakətlərdən (indiki halda pandemiyadan) qaynaqlanan böhranlarla mübarizə strategiyaları çərçivəsində verilmiş qərarlar iki mərhələ üçün hesablanır. Birinci mərhələ qısamüddətli dövr üçün nəzərdə tutulmuş və böhranın yaratdığı günlük təsirləri qarşılamaq kontekstində reaktiv böhran idarəçiliyinin elementlərinə əsaslansa da, ikinci mərhələdə orta və uzunmüddətli dövrə fokuslanan tədbirlər böhran yaradan faktorların təhlili əsasında səbəblərin aradan qaldırılması və təkrarlanmaması məqsədilə həyata keçirilən proaktiv strategiyalardan ibarətdir: “Sözügedən tədqiqatda Azərbaycan dövlətinin koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində formalaşdırdığı antiböhran strategiyası, müvafiq dövlət siyasətləri ictimai rəy əsasında qiymətləndirilir. Bir-birini tamamlayan strateji qərar və tövsiyələrə əsaslanan antiböhran siyasəti ilə bağlı vətəndaş rəyinin öyrənilməsi bu istiqamətdə hesabatlılığın təmin edilməsi və gələcək qərarlar üçün istinad məqsədi daşıyır: “Analitik hesabatda dövlətin yaxın dövrdə pandemiyanın makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə həyata keçirdiyi təxirəsalınmaz sosial dəstək tədbirlərindən münasibət göstəriciləri ictimai rəy əsasında qiymətləndirilir.
Yuxarıda qeyd olunan məqsədlərə çatmaq üçün Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Operativ Qərargahın müxtəlif tarixlərdə qəbul edib həyata keçirdiyi antiböhran tədbirlərinə ictimai rəyi öyrənmək məqsədilə aşağıdakı ümumölkə miqyaslı sorğular keçirilib, fokus qrup müzakirələri aparılıb və onların nəticələri tədqiqat qrupu tərəfindən təhlil edilib.
– Birinci mərhələ (24-30 aprel 2020-ci il). Pandemiya ilə mübarizə çərçivəsində qabaqlayıcı və sosial rifahın gücləndirilməsi istiqamətində siyasətə ictimai münasibətin öyrənilməsi (1212 respondentlə keçirilmiş sosioloji sorğu);
– İkinci mərhələ (8-11 may 2020-ci il). Dövlətin sosial dəstək tədbirlərindən yararlananların məmnuniyyətinin ölçülməsi məqsədilə ictimai rəyin öyrənilməsi (1212 respondentlə keçirilmiş sosioloji sorğu);
– Üçüncü mərhələ (22-23 may 2020-ci il). Dövlətin sosial dəstək tədbirlərinə xüsusi qrup kimi karantin dövründə işini itirənlərin münasibətinin öyrənilməsi (365 respondentdən 124-ü ilə sosioloji sorğu);
– Dördüncü mərhələ (9-10 iyun 2020-ci il). Pandemiya ilə mübarizə çərçivəsində tətbiq edilən karantin rejiminin sərtləşdirilməsinə ictimai münasibətin öyrənilməsi (384 respondent ilə keçirilmiş sosioloji sorğu);
– Beşinci mərhələ (3-7 iyul 2020-ci il). Pandemiya ilə mübarizə çərçivəsində bəzi şəhər və rayonlarda tətbiq olunan tədbirlərə və sərtləşdirilmiş karantin rejiminə ictimai münasibətin öyrənilməsi (1212 respondentlə keçirilmiş sosioloji sorğu)”.
Departament rəhbəri açıqlamasında bildirib ki, sorğu Bakı şəhəri, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Qarabağ, Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə etməklə 5 mərhələ üzrə ümumilikdə 4144 respondentin rəyi öyrənilib. Naxçıvan Muxtar Respublikası və işğal altında olan regionlar sorğuda əhatə olunmayıb.
Hər iqtisadi rayon üzrə sorğuda iştirak etməli olan respondent sayından 10 dəfə çox sayda stasionar telefon nömrəsi müvafiq bazalardan təsadüfi qaydada seçilib. Bundan sonra nəzərdə tutulmuş respondent sayının sorğuda iştirakını təmin edənə kimi seçilmiş nömrələrə zəng olunub.
Karantin rejiminin məhdudiyyətlərini və sorğuda iştirak edən tərəflərin sağlamlığının qorunmasını nəzərə alaraq, sorğunun aparılmasında telefon müsahibə üsulundan istifadə edilib. Sorğuların keçirilməsində müasir texnologiyalar tətbiq olunub. Belə ki, müasir sorğu proqramı SurveyToGo proqramından istifadə edilib”.
Təhlillər əsasən aşağıdakı istiqamətlər üzrə prioritetləşdirilib:
– Pandemiya ilə mübarizə çərçivəsində dövlətin qabaqlayıcı tədbirlərinə ictimai rəyin öyrənilməsi;
– Xüsusi karantin rejiminin əhalinin gündəlik həyatına və gəlirlərinə təsirinin öyrənilməsi;
– Pandemiya ilə mübarizə çərçivəsində sosial dəstək tədbirləri;
– Xüsusi karantin dövründə məhsul və xidmətlərin təminatı ilə bağlı tədbirlər;
– Pandemiya ilə mübarizə çərçivəsində həyata keçirilən maliyyə tədbirləri;
– Xüsusi karantin rejimindən çıxışla bağlı tədbirlər;
– Pandemiya ilə mübarizə çərçivəsində beynəlxalq əməkdaşlıq;
– Pandemiya ilə mübarizə çərçivəsində aidiyyəti şəxs və qurumların fəaliyyətinin qiymətləndirilməsi.