Vəkil olmaq istəyənlərin sayı rekord həddə çatdı
Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 28-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirir.
DİM-in mətbuat xidmətindən Aktor.Az-a verilən məlumata görə, Vəkillər Kollegiyası ilə birlikdə keçirilən imtahan saat 11:00-da başlayıb və Bakı şəhərində dörd binada təşkil olunub.
İmtahanlarda 2000 yaxın namizəd iştirak edir. “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi qaydaları”na görə, hər bir imtahan sualına düzgün cavab 1 balla qiymətləndiriləcək (cəmi 100 mümkün bal). Yazılı test imtahanının yekununa görə 60 (altmış) və ya daha çox bal toplamış namizədlər imtahanın ikinici mərhələsinə – şifahi müsahibəyə buraxılacaqlar. Həmçinin səhv cavablar düz cavabların qiymətləndirilməsinə təsir göstərməyəcək.
Əvvəlki illərdən fərqli olaraq bu dəfə imtahanda məntiqə dair suallardan istifadə olunmur.
İmtahanın idarə olunmasına 19 imtahan rəhbəri və 192 nəzarətçi-müəllim cəlb olunub. İmtahanda iştirak edən nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahan zallarında namizədlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan vaxtının düzgün idarə olunması üçün hər bir zal saatla təmin olunub. İmtahan binalarının girişlərində buraxılış rejiminin operativliyinin təmin edilməsi və imtahan iştirakçılarının şəxsiyyətinin müəyyən edilməsi üçün “barkod-skaner”lər quraşdırılıb.
İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Vəkillər Kollegiyası əməkdaşlarının iştirakı ilə baxış keçirilib və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil verilib.
Virtualaz.org vurğulayır ki, Prezident İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılaraq zəruri həddə çatdırılması ilə bağlı tövsiyəsindən sonra bu peşəyə maraq xeyli artıb. Bunu indi keçirilən imtahanlara qatılanların sayının hədsiz çox olması da təsdiq edir. Yeri gəlmişkən, həmin tövsiyə dövlət başçısının “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 853-VQD nömrəli qanununun tətbiqi barədə sərəncamında əksini tapıb.