Dəyişiklik ruzigarı YAP-a çatır – Millət vəkilindən maraqlı açıqlama
Yeni Azərbaycan Partiyası son günlər ən çox müzakirə edilən siyasi qurumlardan biridir. Hakim partiyanın növbədənkənar qurultaya gedə biləcəyi barədə xəbərlər artır. Bildirilir ki, partiyanın İdarə Heyəti və Siyasi Şurası gənclərin hesabına yenilənməlidir.
Əslində bu çağırışları və hakim partiya ətrafında yaranan bu söz-söhbətləri yeni hesab etmək olmaz. Bir neçə ay öncədən bu məsələlər gündəmə gəlib. Belə ki, partiyanın üzvü olan bəzi icra başçıları, onların müavinləri olan YAP-ın rayon təşkilatının sədrləri, digər vəzifəli şəxslər həbs ediliblər, barələrində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və digər maddələrlə cinayət işi açılıb. Bu proses hələ də davam etməkdədir. Görünən odur ki, baş verənlər YAP-ın imicinə də ciddi zərbə vurub.
YAP-ın Beynəlxalq əlaqələr Komissiyasının katibi, deputat Elman Nəsirov “Yeni Müsavat”a bütün bunlarla bağlı diqqətçəkən açıqlamalar verdi: “Cənab prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə genişmiqyaslı və hərtərəfli islahatlar kursu həyata keçirilir. Bu islahatlar elə bir sahə yoxdur ki, onu əhatə etməsin. Eyni zamanda, ciddi kadr islahatları aparılmaqdadır. Savadlı, bilikli, vətənpərvər, milli ruhda tərbiyə almış gənclər yüksək vəzifələrə təyin olunurlar. Eyni zamanda, cənab prezident onların qarşısında çox ciddi, mühüm vəzifələr qoyur. Heç şübhəsiz ki, bu nöqteyi-nəzərdən hakim Yeni Azərbaycan Partiyasında dəyişikliklər və islahatlar kursunun həyata keçirilməsi zamanın tələbidir. Cənab prezidentin özü də Yeni Azərbaycan Partiyası ilə bağlı partiyada müəyyən təkmilləşdirmələrin həyata keçirilməsi ilə əlaqədar fikirlər səsləndirib. Xüsusilə, indiki hadisələr fonunda biz eşidirik ki, sosial şəbəkələrdə, mətbuatda hakim partiyanın özündə də islahatların aparılması ilə bağlı mövqelər səslənməkdədir. Əvvəla, onu qeyd edim ki, Yeni Azərbaycan Partiyası öz mahiyyəti etibarı ilə islahatçı partiyadır. Onun tərkibində xeyli sayda gənclər vəzifələrə təyin olunub. Amma eyni zamanda müəyyən xoşagəlməz proseslər də diqqətdən yayınmayıb”.
Deputat hakim partiya ilə bağlı başlaya biləcək digər proseslərin anonsunu verdi: “Bəli, hakim partiyanı təmsil edən müəyyən şəxslərin həbsi ilə bağlı məsələlər, o cümlədən, hakim partiyada təmsil olunub, ancaq vəzifədə olmadığı zamanlarda özünü qeyri-adekvat şəkildə aparan şəxslər bu gün də var. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, islahatlar kursu hakim partiyadan da yan keçməyə bilər. Bu artıq zamanın çağırışıdır. Əsas olan odur ki, hakim partiya hər zaman belə islahatlara açıqdır və partiya daxilində, bəlkə də, bu xüsusi reklam olunmur, amma kadr dəyişiklikləri və yenilənmələr hər zaman var. Bunu xüsusi olaraq qeyd etmək lazımdır. Ona görə bütövlükdə o fikirlərlə mən də şərikəm ki, xüsusilə vəzifədə olmayan, partiyanın Siyasi Şurasında və İdarə Heyətində təmsil olunan şəxslərin partiyada təmsilçilik məsələsinə baxıla bilər”.