ManşetMediaMüsahibəXəbər xətti

Vəsilə Vahidqızı:“Bir tamaşaçı zəngi ilə xoşbəxt oluram” – MÜSAHİBƏ

İllərdir ki, efirdədir. Son vaxtlar isə öz tərzi, müzakirə olunacaq mövzuları ilə həftədə bir neçə dəfə tamaşaçılarının görüşünə gəlir. Fərqli istiqamətlərdə, müzakirə xarakterli bir neçə veriliş hazırlamaq isə həm də gərgin rejim tələb edir. “Çox işləyirəm, yoruluram, amma veriliş yaxşı alınanda necə deyərlər ”dirilirəm” – deyən “Kaspi”nin müsahibi İctimai Televiziyanın şöbə müdiri, tanınmış teleaparıcı Vəsilə Vahidqızıdır.
– Sevdiyin işlə məşğul ol, bir gün belə, iş günün olmayacaq”. Stiv Cobsun bu fikrini çox bəyənirəm. 25 ildir jurnalistikada olan bir xanım olaraq öz təcrübənizdə bu fikirlə nə dərəcədə razısınız?
– Zaman keçdikcə insanın iş və məşğuliyyətlə bağlı fikri dəyişir. Sevdiyin işlə bəzən təkcə sevdiyin üçün məşğul olmursan. Mənim də bu sahəni seçdiyimə peşman olduğum vaxtlar olub. Amma nə qədər ki, işləyirəm işimə sevgi qatmağa çalışmışam. Hətta tələbkarlığımla yorduğum adamlar var. AzTV-də də, İTV-də də çiyin-çiyinə çalışdığımız təcrübəli rejissorumuz Faiq Kərimov həmişə zarafatla deyir ki, Vəsilə nə desə, etməliyik, çünki ölmək istəmirik. Operator öz işini sevmirsə, bunu ekranda hiss edirsən, işıqçı da, rejissor da o cümlədən.
– İşə başlayan yeni biri ilə, bu sahədə illərdir çalışan şəxsin TV-yə baxışı arasında fərq olur. Bu mənada təcrübə artdıqca TV-yə baxışınızda hansısa dəyişiklik olub?
– Təcrübə insana işin dərin qatına keçməyi, keyfiyyət haqda düşünməyi öyrədir. Aparıcının ekrandakı yeri və funksiyasının nə olduğunu mənə təcrübə öyrədib. Xoşuma gələn bir fikir var: sən ən mühüm şəxsdən müsahibə alan anda, onunla eyni statusda olursan, çünki o anda siz eyni cür kresloda əyləşirsiniz. Bu gün mənim üçün işimin keyfiyyəti işlədiyim sahənin, yəni ictimai yayımın xarakterinə uyğun çalışıb-çaışlmamağımla ölçülür. Bu sahəni tənzimləyən qanuna ciddi əhəmiyyət verirəm və imkan daxilində onun tələblərinə əməl olunmasına çalışıram. Alınır da, alınmır da.
– Keyfiyyətdən danışdıq. Burda peşəkarlardan söhbət gedir. Amma populyarlıqla peşəkarlığın qarışdırılması halları da az deyil…
– Məsələn, ekranda reklamla bağlı qanunun tələblərini hər gün pozan populyar, amma peşəkar olmayan neçə-neçə aparıcı var. Peşəkar olmayan populyarlar iki-üç gün efirdə olmayanda unudulur. Lakin peşəkar populyarlar var ki, onlar heç görünməsələr belə, işdən, professionallıqdan söhbət düşəndə mütləq xatırlanırlar. Məsələ budur. Amma bu, xüsusilə də populyarlığa maraq beynimi o qədər də məşğul edən məsələ deyil. İş prinsipim budur ki, başını aşağı sal və işini gör.
– Vəsilə xanım, mətbuatda işə elə televiziya ilə başlamısınız?
– Bəli.
– Belə bir yanaşma var ki, qəzetçilik məktəbi keçən adamlar TV-yə keçəndə işləri asan olur. Yazı qabiliyyətləri formalaşır. Birbaşa TV-də başlamağın çətinliyi oldumu?
– Mən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. 5 il müddətində qəzetdə də, radioda da qısa təcrübə keçmişik. 1992-ci ildə universiteti fərqlənmə ilə bitirib AzTV-yə getdim, bir ay sonra məni işə götürdülər. Çox həvəsim vardı, işləməyi sevirdim. Təbii ki orda da işçiyə ehtiyac olduğu üçün qısa zamanda məni işə qəbul etdilər. Dediyiniz məsələyə gəlincə, “qəzetçiliyin əhəmiyyətini kimsə dana bilməz” deyə düşünsəm də, yanaşmam bir qədər fərqlidir. TV üçün görüntü sözdən daha önəmlidir. Bir müddət “İnternyus Azərbaycan” şirkəti ilə də əməkdaşlığım olub. Ora xarici mütəxəssislər də gəlirdilər. Biz iki dəqiqə yarımlıq sujetlər hazırlayırdıq. Onlar qiymətləndirmə apararkən sujetlərin səsini alıb baxırdılar. Deyirdilər ki, səs olmadan görüntü ilə məsələnin mahiyyətini açmalısan. Məncə, sözlə təsvir, söz oynatmaq qəzetçilikdə daha vacibdir. Televiziyaya 30 illik qəzetçilik təcrübəsi ilə gələn adamlar tanıyıram ki, nə qədər çalışırlarsa, təsvirin nə demək olduğunu, yəni TV-də əsas vasitə olduğunu qavraya bilmirlər, ekranda görüntünün “danışması” ilə bağlı anlayışları formalaşmır.
– Hazırda 3 verilişlə efirə çıxırsınız. Hər biri aparıcıdan böyük məsuliyyət tələb edən fərqli istiqamətlidir. Dərin məlumatla efirə çıxmaq üçün necə bir rejimlə çalışırsınız?
– Dayanmadan işləyirik, boş vaxt demək olar ki, az olur. Müzakirə olunacaq mövzu ilə bağlı məlumatlı olmağa çalışırıq. Bir mövzu üçün bir neçə mənbə ilə tanış oluruq. Yerli və xarici təcrübəni, fərqli ölkələrin ekspertlərinin yanaşmalarını öyrənirik. Efirdən öncə məlumatlanmağa, veriliş vaxtı isə qonaqları diqqətlə dinləməyə çalışıram. Bəzən 10 sual hazırlanır, amma müzakirə vaxtı hamısına ehtiyac olmur, studiyadakı müzakirədən yeni və fərqli suallar yaranır. Tok-şou söhbət şousudur və fikir mübadiləsi əvvəlcədən tam planlaşdırılan bir şey deyil. Çəkiliş meydanına qədər də, orda da işləməlisən, məsuliyyətli olmalısan, diqqətin cəmlənməlidir, mövzuya və studiyaya hakim olmalısan, mövzudan yayınmalara imkan verməməlisən.
– Veriliş vaxtı qonaqları dinləmək məsələsini vurğuladınız. TV-də aparıcıların qonaqların sözünü kəsməsi məsələsi də çox müzakirə olunur…
– O sözləri hər zaman haqlı hesab etmirəm. Bəzən sözü kəsmək lazımdır. Xüsusilə, xarici televiziyalarda dərin təhlil proqramları var, onlar başqadır. Onları elə sakitcə izləmək istəyirsən. Günün hadisələri ilə bağlı tok-şoulara ayrılan vaxt isə o qədər olmur. BBC-də tok-şoular var ki, 20 dəqiqədə 4 nəfər danışır, bizdə 35 dəqiqə 3 adama çatmır. Rusiyada bir saata 12 nəfərin çıxışı yerləşdirilir. Vaxtı qonaqlar arasında bölmək lazımdır, lakin sual yaranır ki, müsahiblərin nə qədəri fikrini qısa ifadə edə bilir? Belə olanda aparıcı vaxtı idarə etmək üçün sözü kəsməyə məcbur qala bilər. Həm də bu məsələdə tamaşaçıların fikirləri də eyni deyil. Elə tamaşaçı var ki, sakit müzakirəni sevir, heç kimin sözünün kəsilməsini istəmir. Bəzi tamaşaçılar isə diri, canlı müzakirə olmayan verilişə, uzun-uzadı danışan adama baxmır. Tamaşaçı məni görür, mən isə onları hiss edirəm və sevirəm. Amma bu tip məsələlərdə əsas fikir peşəkarındır. Onlar dəqiq bilir ki, nə nədir.
 
– İllərdir verilişiniz davam edir. Müzakirə olunacaq mövzular hələ çoxdur? Çünki bəzən jurnalistikada mövzu problemi olduğunu da dilə gətirənlər olur…
– Mövzu həmişə var. Siyasi, iqtisadi gündəmlər bir yana, məsələn, BBC-də müxtəlif ölkələrdəki açıq tualetlərlə bağlı araşdırma aparmışdılar. Belə baxanda bizdə bu işlənsə, reaksiyalar birmənalı olmaya da bilər. Amma bu, insanların sağlamlığı və mədəniyyətilə bağlı olan məsələdir. Yaponiyaya  səfərə getmişdik. Orda İctimai televiziyada, yəni NHK-də gördüm ki, səhər efirində kişi corablarını yuduqdan sonra hansı tərəfdən asmaqla bağlı süjet verirlər. Müxtəlif insanların eyvanlarında çəkiliş aparılmışdı. Corabı insanların necə asmasını və keyfiyyətinə təsir etməməsi üçün necə asmağın lazım olduğunu göstərdilər. Sadəcə, o mövzuya baxış, hansı istiqamətdə və necə yanaşmaq məsələsi önəmlidir. İctimai televiziya bu mənada digər kanallardan fərqlənməlidir. İctimai yayımın 9 prinsipi var və bu prinsiplərə söykənərək uyğun mövzuları işləmək vacibdir. Maarifçilik yönündə veriliş etmək üçün mövzudan çox mövzu var.
– Seçim edərkən əsas hansı mövzulara üstünlük veririsiniz?
– Müxtəlif sosial qrupların problemlərini müzakirə etməyə çalışıram. Ümumi mövzulardan qaçıram, çeşidlənməyə üstünlük verirəm. Azərbaycanlı gənclərin problemləri deyə mövzu qoysaq, çox ümumidir və içindən çıxmaq olmaz. Amma məcburi köçkün gənclərin işlə təminatı, artıq bəlli bir istiqamətdir və problemi açmaq daha effektli nəticə verir. Bizim müzakirə etdiyimiz məsələni tamaşaçı özünə yaxın hesab edə də bilər, etməyə də. İctimai televiziya müzakirəsi vacib olan mövzunu özü müəyyən etməlidir. Veriliş bir məhsuldur, istehsal olunur və satılır. Tamaşaçı özəl TV üçün, kommersiya TV-si üçün alıcıdır, İctimai TV üçün isə vətəndaşdır. Bu TV xalqa vətəndaş kimi baxmaq üçün yaradılıb. O ya eyniləri ilə, ya da bənzərləri ilə müqayisə edilə bilər. Həm mövzu, həm də reytinq baxımından. İctimai yayımçını bütün dünyada “mülayim səs tonu olan” TV kimi xarakterizə edirlər. Onun əsas işi maarifçilikdir və maarifçilik dünyada çox üstün bir dəyərdir.
– Baxımlılıq müzakirə olunan mövzu ilə nə dərəcədə əlaqəlidir?
– Baxımlılığı təkcə mövzuyla bağlamaq olmaz. Forma, dekor, ekspert seçimi və s. kimi bir çox aspektlərlə bağlıdır. TRT də ictimai televiziyadır, onlar da ailə dəyərlərini təbliğ edirlər. Biz studiyada oturub təbliğ edirik, onlar “Baba candır” serialı ilə. İnsanlar həm əylənir, həm də öyrənir. Ekranda yazılan canlı sözü də baxımlılığa təsir edir. Bir verilişə hamının baxması kimi bir anlam yoxdur. İTV olaraq əgər pensiyaçıların həyat keyfiyyətinin artırılması və ya uşaqların cinsi tərbiyəsi mövzusunu müzakirə ediriksə və bu verilişlərə tutaq ki, 100 min adam baxıb faydalanırsa, bizim üçün baxımlılıq ölçüsü budur.
– Tənqiddən danışaq bir az da…
– Tamaşaçının fikri maraqlıdır. Sosial şəbəkə profilimə daxil olub, görərsiniz ki, kimsə məni və ya çalışdığım televiziyanı tənqid edəndə, buna aqressiv yanaşmıram. Tamaşaçı necə görürsə, elə də fikir bildirir. Amma peşəkarlıq cəhətdən yanaşanda, tənqid edənin kimliyi də önəmlidir.
– Vaxt cəhətdən çox dəqiq adamsınız. Vaxtın idarə olunması ilə bağlıdır, yoxsa…
– (Gülür-red) Mən çox işləyirəm, amma həm də keyfiyyətli iş görmək istəyən adamam. Amerikada Oprah Uinfri adında məşhur tok-şou aparıcısı var. Onu dünyanın bu sahədə ən yaxşısı hesab edirlər. Qanunları, insanların həyat tərzini dəyişdirmək gücünə sahib olan maraqlı bir aparıcıdır. Müqayisə bəlkə də, kiməsə gülməli görünər, amma hər ölkənin necə deyərlər öz çapı var, onların proqramlarında böyük komanda işləyir, orda çox işi çox adam görür, studiyaya daxil olanda qapılarını belə açanlar var. Aparıcı yaxşı təqdimatçıdır, mövzunu bilir, savadlı, məlumatlı adamdır. O ancaq öz işini görür. TV komanda işidir. Nəticəni, yəni yaxşı nəticəni peşəkar komanda yarada bilər. Bizdə o qədər böyük komandalar yoxdur, daha çox işləməyə məcbur olduğumuza görə vaxtı da dəqiq idarə edə bilməliyik. Mən bütün şəraitlərdə işimi vicdanla görməyə çalışan adamam. Nəticənin necə olduğunu demək çətindir. Bir verilişdə istədiyimiz nəticəni alırıq, birində almaya da bilərik.
– TV həm də elədir ki, bu işi müvəqqəti kiməsə həvalə etməklə olmur. Yalnız özünüz iş başında olmalısınız. Bu gərgin rejim sizi yormur?
– Əlbəttə, yorulduğum vaxtlar olur. Yaşım artıq 50 olub, az deyil. Buna baxmayaraq, enerjili adamam. Düzdür, psixoloji yorulduğum zamanlar olur. Bir övladım var, o da əsgərlikdədir. Vətənə xidmət edir, amma uzaqda olmağı ana olaraq mənim üçün bir gərginlikdir. Darıxıram, o da psixoloji təsir edir. Mən o tip adamlardanam ki, çox işləyirəm, yoruluram, işimiz gərgindir, amma veriliş yaxşı alınanda necə deyərlər ”dirilirəm”, bir tamaşaçı zəngi ilə xoşbəxt oluram.
– Oğlunuz balaca olanda da işləmisiniz. Bəs işlərdən vaxt ayırıb ona istədiyiniz vaxtı ayıra bilirdiniz?
– Mümkün qədər ayırmışam. Onsuz bir günüm olmasın. Övlad da, ailə də mənim üçün hər şeydən vacibdir. Elə vaxtlar olurdu ki, canlı yayıma girirdim, oğlum evdə tək olurdu, zəng vurub bircə “alo” sözünü eşidib, telefonu söndürüb efirə çıxırdım. Amma deyim ki, biz böyük ailəyik, anam, bacılarım, gəlinlərimiz də mənə çox kömək ediblər.
– Adətən, bütün günü işdə keçən xanımlar evdarlığa vaxt ayıra bilmirlər…
– Evimin işini də özüm görürəm. Bir uşaqdır, o qədər də çətin gəlmir. İndi əsgərlikdədir, yoldaşımla özüməm. Bəzi məsələlərdə kömək olub, indiyə qədər ya ev, ya iş deməmişəm. Amma bəzən düşünürəm ki, bir gün sakitcə jurnalistlik fəaliyyətimə son verə bilərəm. Lakin işləyən adamın evdə oturmağı da mənə çox çətin gəlir.