“Dövlətimizin üstünlüyü həm də Ermənistanın xaricdəki havadarlarını məğlub etməsindədir” – Müşfiq Ələsgərli
“Son illər ərzində Ermənistan tərəfinin münaqişə bölgəsində aktivliyi artıb, atəşkəsi intensiv şəkildə pozurlar: “Diqqət yetirsək görərik ki, bu intensivlik 2016-cı ildən, aprel döyüşlərindən başlayaraq daha da artıb. Bu sıraya 2020-ci ilin iyul ayında Tovuz rayonu isitiqamətində baş verən hərbi əməliyyatları da daxil etmək mümkündür”. Bunu SİA-ya Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli deyib.
“Fikrimcə, bütün bunları Ermənistan hakimiyyətinin və Ermənistan silahlı qüvvələrinin 2016-cı ilin aprel döyüşlərindən başlayaraq uğradıqları silsilə məğlubiyyətlərlə əlaqələndirmək mümkündür. Onlar qisas almaq, acılarını unutmaq istəyirlər.
Azərbaycanın 90-cı illərdəki durumunun dəyişdiyini, layiqli cavablar verməyə hazır olduğunu həzm edə bilmirlər. Amma hər dəfə qisas üçün qalxdıqda daha ağır zərbə alaraq itkilərə məruz qalırlar. Tovuz hadisələrindən 40 gününün tamamında, cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun planladığı təxribatı da bu kontekstdən şərh etmək mümkündür. Ermənistan müdafiə naziri D.Tanoyanın Moskvaya səfəri, “Armiya-2020” hərbi-texniki forumunda iştirakı da mühüm məsələdir. Erməni nazir forum çərçivəsində nümayiş etdirmək üçün yeni şou hazırlayıb. Amma Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alberyan əsir götürülüb.
Bu, onu göstərir ki, Azərbaycan dövləti düşməni həm döyüş müstəvisində, həm də siyasi-diplomatik müstəvidə məhv etməyə hazırdır. Azərbaycan həmişə, hətta ən zəif vaxtlarında da Ermənistandan güclü olub. Sadəcə, ermənilərin xaricdəki havadarlarının qurduğu oyunlar onu “qalib” kimi göstərə bilib. Azərbaycan dövlətinin, onun indiki hakimiyyətinin üstünlüyü ondadır ki, Ermənistanın özü ilə yanaşı, onun xarici havadarlarını da məğlub edə bilir, artıq bu gücü qazanıb”-deyə, M.Ələsgərli fikrini tamamlayıb.