Pandemiyadan əziyyət çəkən məcburi köçkünlərə ərzaq kuponları paylanılıb – FOTOLAR
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Qaçqın və məcburi köçkünlərlə iş üzrə işçi qrupuna daxil olan “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Pandemiya şəraitində məcburi köçkünlər arasında ərzaq paylanışı” layihəsini uğurla icra edir.
Cari ilin 01 iyul tarixindən etibarən icra olunan layihənin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş rayonlardan didərgin düşmüş və əsasən Bakıda məskunlaşmış məcburi köçkünlərin yaşadıqları icmalarda ərzaq kuponlarının paylanılması ilə əhalinin bu kateqoriyasında olan şəxslərin sosial rifahını yaxşılaşdırmaqdır. Bu məqsədə çatmaq üçün layihənin icra qrupu Bakı şəhərinin müxtəlif ərazilərində kompakt yaşayan məcburi köçkün icmalarında olub, həmin şəxslərdən ibarət fokus qruplarla görüşlər keçirib və aidiyyəti dövlət qurumlarından əldə olunan məlumat əsasən layihənin hədəf qruplarını müəyyən edib.
Aparılan ilkin qiymətləndirilmənin, o cümlədən maraqlı tərəflərlə keçirilən müzakirələrin nəticələrinə görə, qərara alınıb ki, layihə çərçivəsində əldə olunmuş ərzaq kuponları Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları, 119 ünvanında (keçmiş Volodarski adına Tikiş Fabrikinin sanatoriya-profilaktoriya binasında) məskunlaşan 170 məcburi köçkün ailəsinə təqdim edilsin. Ərzaq kuponlarını alacaq şəxslərin siyahıları dəqiqləşdirildikdən və maraqlı tərəflərin iştirakı ilə müvafiq qaydada siyahılar üzrə monitorinqlər aparıldıqdan sonra kuponların paylanılması prosesinə başlanılıb.
Ərzaq kuponları alıcılara Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin ictimai təşkilatlar tərəfindən layihə çərçivəsində ediləcək birdəfəlik yardımların verilməsi ilə bağlı müəyyən etdiyi təlimata uyğun olaraq “Azərpoçt” MMC-nin struktur bölmələri vasitəsilə çatdırılıb. Ayrı-ayrılıqda zərflərlə qoyulmuş 170 ədəd kupon və layihə ilə bağlı zəruri məlumat qeyd olunan ünvanda yaşayan məcburi köçkünlərə qısa müddət ərzində təqdim edilib. Ümumilikdə, layihənin icrasından 600 nəfər məcburi köçkün (onlardan 320 nəfər qadın və 280 nəfər kişi) faydalanıb.
Ərzaq kuponlarının paylanıldığı ünvanda fəaliyyət göstərən “Məcburi Köçkünlərin Nəsimi İcması” İcma İnkişaf Şurası ona üzv olan məcburi köçkünlərin adından layihənin icra qrupuna göndərdiyi təşəkkür məktublarında əhalinin bu kateqoriyasına aid edilən şəxslərə göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını ifadə edib, layihənin icra olunmasında zəhməti keçən dövlət qurumlarına, ictimai təşkilatlara və ayrı-ayrılıqda hər bir şəxsə dərin minnətdarlığını bildirib.
Layihə fəaliyyətlərinin həyata keçirilməsində Azərbaycan Respublikasının Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq struktur bölmələrinin əməkdaşları, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Qaçqın və məcburi köçkünlərlə iş üzrə işçi qrupunun üzvləri və məcburi köçkünlərin yerli icma nümayəndələri yaxından iştirak ediblər.