Sahibkarlar incidilir, onlara süni əngəllər törədilir – PREZİDENT
Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onların qarşısında süni əngəllər törədilir, onlardan yerli icra orqanları tərəfindən rüşvət, pay tələb olunur.
Aktor.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
“Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa, heç kimə heç bir vəsait ödənilməməlidir. O sahibkarlar ki, öz sosial məsuliyyətini dərk edir və ağır vəziyyətdə yaşayan insanlara əl tutur, əlbəttə ki, o sahibkarlara mənim münasibətim də fərqlidir, müsbətdir və şadam ki, son illərdə belə sahibkarların sayı artmaqdadır. Dövlət sahibkarlara dəstək göstərir, müdafiə edir, şərait yaradır, onların gəlirlərinin artırılmasına çalışır. Sahibkarlar da, öz növbəsində, dövlətin vergisini qəpiyinə qədər ödəməlidirlər. Burada kölgə iqtisadiyyatına yol verilməməlidir, ikili mühasibat olmamalıdır. Əgər olarsa, bu sahibkarlar məsuliyyətə cəlb edilməlidirlər. Eyni zamanda, sahibkarlar bu gün hələ də ağır vəziyyətdə yaşayan insanlara kömək göstərməlidirlər”.