ManşetSiyasətXəbər xətti

Fazil Mustafadan Zahid Oruca dəstək: “Obyektiv yazıdır”

“Həmin yazı ilə tanışam. Analitik ağırlıqlı, prosesləri obyektiv təhlil edən bir yazıdır. Açığı, etirazları təəccüblə qarşıladım, çünki orada türk ordusunun əleyhinə hansısa qərəzli mövqeyə rast gəlmədim. Sadəcə Türkiyə ilə keçirilən hərbi təlimlərin niyyət və hədəfləri ilə bağlı realist bir yanaşma var”.

BQB başqanı, deputat Fazil Mustafa bu fikirləri Milli Məclisin komitə sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucun müzakirələrə və mübahisələrə yol açan müəllif yazısına münasibət bildirərkən söyləyib.

Musavat.com-a açıqlamasında F.Mustafa bildirib ki, yazıda Rusiya ilə münasibətlər, Türkiyə ilə birgə hərbi təlimlərlə bağlı əksini tapan fikirlərlə razılaşmamaq olar, ancaq ənənəvi qaragüruhçu düşüncə ilə fikirləri təhrif edərək populist mövqe sərgiləmək həqiqətən anlaşılmaz hərəkətlərdir: “Məqalədə konkret olaraq Türkiyə əleyhinə bir mövqe sərgilənməyib, Rusiyaya isə əlahiddə münasibət bəslənməyib. Bu cür yazıları belə kəskin ajiotajla qarşılamaq doğru deyil. Maraqlıdır ki, Zahid Orucun Dağlıq Qarabağ erməniləri ilə də bağlı üç il öncəki çıxışını paylaşaraq yenə də təhqirlər yağdıranlar bilərəkdən məsələnin mahiyyətini təhrif edirlər”.

F.Mustafa daha sonra mühüm bir xatırlatma edib: “Bizim rəsmi doktrinamız belədir: Azərbaycan qanunlarına tabe olan, onun suverenliyini qəbul edən ermənilər bizim verəcəyimiz muxtariyyətdə Azərbaycan vətəndaşı kimi yaşaya bilərlər. Zahid Oruc isə ermənilərin Azərbaycanda gələcəkdə yaşaya bilməsinin şərtlərini daha da ağırlaşdırıb. Deyib ki, Şəhidlər Xiyabanında baş əyən, Azərbaycan dövlətindən üzr istəyən ermənilərə vətəndaş olaraq yaşamaq haqqını tanıya bilərik. Bu siyasi mövqe olaraq dövlət siyasətimizə zidd hansısa məqamı ehtiva etmir. Bu əslində Milli Məclisdə fəallığı ilə seçilən bir neçə deputata qarşı yürüdülən məqsədyönlü qaralama kampaniyasıdır və səbəbləri bəllidir. Maraqlıdır ki, Zahid Orucu rusiyapərəstlikdə ittiham edən şəxslərin çoxu mənim Rusiya əleyhinə yazdığım sərt yazımın da altından şəxsimə qarşı təhqiramiz rəylər yazırdılar. Demək ki, məsələ Rusiya və ya Türkiyə ilə bağlı narahatçılıq deyil, məlum şəbəkənin yönləndirməsi ilə qaralama kampaniyası aparmaqdır”.